Türkiyə hökuməti Boludakı faciədən sonra Bursa vilayətində məşhur xizək kurortu Uludağ da daxil olmaqla 160-dan çox hoteli möhürləyib.

"Unikal" xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, Antalyada ən azı 50 hotel Bolu vilayətindəki yanğından sonra bağlanıb, İstanbulda isə bazar ertəsinə qədər qanun pozuntusuna yol verən bütün mehmanxanaları bağlamağı planlaşdırırlar.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ölkənin bütün vilayətlərinə mehmanxana fəaliyyətini həyata keçirmək üçün lazımi sənədləri olmayan hotellərin fəaliyyətinin dayandırılmasının zəruriliyi ilə bağlı təcili bildiriş göndərib.

Bursa Mədəniyyət və Turizm İdarəsi aktiv hərəkətə keçərək vilayətin 17 rayonunda 161 mehmanxananı möhürləyib, obyektlərin lisenziyası, biznes qeydiyyatı olmayıb və ya çatışmazlıqlar aşkar edilib. Möhürlənmiş obyektlər arasında 25 qış evi də var.

Xatırladaq ki, yanvarın 21-nə keçən gecə Türkiyənin Bolu şəhərindəki Kartalkaya dağ-xizək kurortunda yanğın baş verib. "Grand Kartal" hotelində baş verən yanğında 78 nəfər həlak olub. İstintaq çərçivəsində hotelin sahibi də daxil olmaqla 19 nəfər həbs edilib.