Fevralın 6-da Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın barəsində olan cinayəti işləri üzrə məhkəmə proseslərinin baxış iclası başlayıb.

"Unikal" xəbər verir ki, təqsirləndirilən şəxs Davit Babayan məhkəməyə müraciət edərək söz istəyib.

Məhkəmə D.Babayanın istəyini təmin edib. Təqsirləndirilən şəxs çıxış edərək saxlanma şəraitindən razı olduğunu, ona və digər təqsirləndirilən şəxslərə təzyiq göstərilmədiyini deyib:

"Mən öz adımdan demək istəyirəm ki, burada bizə qarşı heç bir təzyiq olmayıb. Bizə hər dəfə hörmətlə davranırlar və yerimizdə başqası olsa nə edərdi onu özlərinə sual versinlər. Bizim həqiqəti demək cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox yaxşıdır”.