Quş qripi virusu yüksək və aşağı patogenli olmaqla 2 qrupa bölünür ki, onlardan yüksək patogenli quş qripi həm quşlar, həm də insanlar üçün təhlükəli infeksiya növü hesab olunur.
"Unikal" xəbər verir ki, quş qripi xəstəliyi heyvanlara və insanlara əsasən qida vasitəsilə və ya hava-damcı yolu ilə yoluxur.
Tədqiqatlar göstərir ki, yüksək patogen quş qripi virusu ətin -70° C-yə qədər dondurulması zamanı 300 gündən artıq müddətdə sağ qalır və öz virulentliyini qoruyub saxlayır. Yumurtanın qaynadılaraq bişirilməsi zamanı viruslar məhv olsa da, çiy yumurta və onun məhsulları ilə təmas insanların xəstəliyə yoluxması baxımından yüksək risk amili hesab olunur.
Sənaye tipli quşçuluq təsərrüfatlarında xəstəliyin baş verməsində yem, quşlara xidmət alətləri və avadanlıqlar, eləcə də nəqliyyat vasitələrinin törədici ilə çirklənməsinin rolu böyükdür. Belə ki, xəstə quşlara qulluq zamanı istifadə edilən əşyalarda, quşların saxlandığı yerlərdə və törədici ilə çirklənmiş digər səthlərdə virus 3 həftəyə qədər sağ qala bilir. Bununla yanaşı, infeksiya törədicisinin mənbəyi xəstə quşlar olduğu üçün diri quş bazarları da virusun yayılmasında əsas təhlükə mənbələrindən hesab edilir. İnfeksiyanın yayılmasında miqrasiya edən köçəri quşlar rol oynayır.
Quş qripinin yayılmasında təhlükə mənbələrindən biri də su hesab olunur. Xəstə quşların ifrazatları ilə çirklənmiş suyun pH göstəricisi, temperaturu və duzluluq dərəcəsindən asılı olaraq quş qripi virusları suda 10 günə qədər sağ qalır ki, belə su ilə suvarma quşların yoluxması ilə nəticələnir.
Quş qripinin inkubasiya dövrü 3-5 gündür. Virusa yoluxma zamanı quşlar yemdən imtina edir, süstləşir, lələkləri pırpızlaşır, pipikləri tündləşir və şişkinləşir, gözləri şişir və yumulur, burun dəliklərindən selikli-serozlu maye axır, bədən temperaturu 44° C-dək yüksələrək qısa müddətdə (24-72 saat) tələf olurlar.
Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır. Ev quşlarının yoluxması da xəstə vəhşi quşlarla yaranan birbaşa təmas, həmçinin onların ifrazatları ilə çirklənmiş ətraf mühitdən qaynaqlanır.
Beynəlxalq tələblərə görə, quş qripinin yüksək və aşağı patogenli tipləri ilə yoluxma aşkar edildiyi halda birlikdə saxlanan quşlar tələf edilməlidir.
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təqdim etdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlif ərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlər tətbiq edilir. Bununla yanaşı, xəstəliyə qarşı epizootoloji monitorinqlər aparılır. Son monitorinqlərin nəticələrinə əsasən, ölkəmizdə quş qripi xəstəliyi qeydə alınmayıb.