“Azərişıq” ASC tərəfindən son 10 il ərzində ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 20 min km uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib, 30 min km-ə yaxın mövcud elektrik veriliş xətləri yenisi ilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsi quraşdırılıb.

"Unikal" xəbər verir ki, bu fikirləri “Azərişıq” ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov deyib.

O qeyd edib ki, 700 min köhnə sayğac müasir ölçü cihazları ilə əvəz olunub.

Son 10 ildə abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1 milyon 120 minə yüksəlib. “Azərişıq” ASC-nin həyata keçirdiyi uğurlu strategiyanın nəticəsində şəbəkənin qoyuluş gücündə də əvvəlki illərlə nisbətdə xeyli artım müşahidə olunub:

"Təkcə ötən 1 ildə bu rəqəm 14 min 400 MVA-dan 14 min 900 MVA-ya yüksəlib. Son 10 ildə Rəqəmsal İdarəetmə Mərkəzləri və SCADA sistemlərinin tətbiqi ilə şəbəkələrin dayanıqlılığı və etibarlılığı xeyli artıb. Hazırda ölkədə bu sistem vasitəsilə idarə olunan 34 yarımstansiya mövcuddur. “Azərişıq” ASC maliyyə idarəetməsinin və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi nəticəsində də 10 il ərzində uğurlu nəticə göstərib, enerji yığımı göstəricisi 80 %-dən 97,6 %-ə yüksəlib, texniki itki göstəriciləri 13,9 %-dən 8,5 %-ə endirilib. Bu ilin sonunadək texniki itkilərin daha 0,2 % azaldılaraq 8,3 %-ə çatdırılması proqnozlaşdırılır.

Vətəndaşlara göstərilən xidmətlərin daha sadə və əlçatan olması istiqamətində son illər görülən işlər uğurlu nəticə verib. 2017-ci il ilə müqayisədə "Azərişıq" ASC-nin "ASAN Xidmət" mərkəzlərində 8 il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə çatdırılıb. Əvvəl 7 prosedurla aparılan müraciətlər bu gün sadəcə 2 prosedurla yekunlaşır. Nəticədə şəbəkəyə qoşulma prosesləri 41 gündən 20 günə endirilib. Hazırda “Azərişıq” ASC-nin 15 elektron xidməti mövcuddur və bu xidmətlər vasitəsi ilə vətəndaşlar prosedurları onlayn şəkildə idarə edə bilirlər. Ötən il sahibkarlıq subyektlərinin 53.4 %-i elektron şəkildə müraciət edib".

Anar Kəlbiyev