"LEGİONER" MEHRİBAN ZƏKİ "XƏZƏR" FUTBOL KLUBUNDAN GÜCLÜDÜR
Futbol və teatr-kino sənəti. İkisiylə də uşaqlıqdan çox maraqlanıram. Həyatda iki sənətin sahibi olmağı daha çox arzulamışdım. Biri artistlik idi, biri də futbolçuluq. Amma bu arzularım digər uşaqlıq xülyalarım kimi keçmişdə qaldı. Amma marağım azalmadı, əksinə artdı. Azərbaycanın futbol komandalarında zənciləri və digər xalqların nümayəndələrini görəndə mənə qəribə gəlirdi.
Amma sonra mənə başa saldılar ki, bunlar legionerdirlər. Və Azərbaycanın futbol qanunları ona icazə verir ki, hər komandada səkkiz legioner və üç yerli futbolçu oynasın. Daha sonra bu qanun bir az da sərtləşdirildi. Mütənasiblik yeddinin dördə oldu. Yəqin yaxın illərdə bu nisbət yerli futbolçuların xeyrinə dəyişəcək. Bəs böyük pullar töküb xarici futbolçuları transfer edərək respublikaya gətirmək futbolumuza nələr vəd edirdi. Loru dildə desək xaricilər oynamalıydı, yaxşıca pullar qazanmalıydı, yeyib-içməliydilər. Bizimkilər isə onların aldığı pula, yedikləri yeməyə baxıb ağızlarının suyu axa-axa öyrənməli, yetişməliydilər. Beləcə illər keçdi. Nəticə necə oldu? Deyə bilmərəm. Desəm bəlkə də məni qeyri-peşəkarlıqda suçlandırarlar. Amma məni bu yazını yazmağa "Xəzər" Lənkəranın öz meydanında 0-8 hesabı ilə uduzması oldu. Bilmirəm layiqli hesabdır, ya yox? Amma heyf Mübariz Mənsimovun bu sahəyə xərclədiyi pullardan. Daha doğrusu havaya sovurduğu milyonlardan. Mübariz Mənsimov ad-familiyasının yerinə futbol klubu sahibləri olan digər oliqarx və milyonerlərin adını da yazmaq olar. Mahiyyət və məna dəyişməyəcək. Futbolumuz yerində sayır. Daha doğrusu yeddi legioner dörd azərbaycanlıya təsir etməkdənsə, dörd nəfər milli yeddi yazığ xaricinin bildiklərini, təcrübələrini, sabaha inamlarını heçə endirib. Vətənlərinə qayıdanlar acından ölür. "Azərbaycanda yaxşı idi. Yaxşı pul verirdilər. Burda - Kiprdə isə heç nə yoxdur. Nə perspektiv var, nə də pul". Bu mənim dostum, "Bakı" futbol klubunun şərəfini qorumuş Marko Şarliyanın sözləridir. Göründüyü kimi, biz azərbaycanlılar çox güclüyük. İstənilən xaricini öz ampulasından çıxarırıq. Çoxlu pul veririk ki, həm yaxşı oynayıb, həm də yaxşı öyrətsinlər. Nəticədə isə pul qalib gəlir. Nə yaxşı oynayırlar, nə də öyrədirlər. Legionerlikdən çevrilib milliləşirlər. Onlar pulu yox, pul onları idarə etməyə başlayır. Nəsə çox uzatdım. Bəs görəsən legioner futbolçularımızla, ümumiyyətlə futbolun əməkdar artist Mehriban Zəkiylə nə əlaqəsi? İstər türk, istərsə də rus seriallarını diqqətlə, maraqla izləyirəm. Fikirləşirəm ki, görəsən milyonlarla büdcəsi olan AzTV niyə bu cür əsərlər lentə ala bilmir? Yaxud da ki, prezidentimizin serial çəkilişinə yönəltdiyi pullar niyə öz layiqli bəhrəsini vermir? Hamısı da yeni, tanımadığımız aktyorlar, rejissorlar. Bəzən serialın ssenari müəllifi də, rejissoru da, köməkçisi də, montajoru da, baş rolunun ifaçısı da eyni adam olur. Görəsən tanınmış aktyorları niyə cəlb etmirlər? Məşhur Sovet aktyoru Armen Cigərxanyandan soruşurlar ki, niyə filmlərə çəkilmirsiniz? Cavab verir ki, rejissorlardan mənə təkliflər gəlir. Mən mənə layiq olan qonorarı tələb edəndə qaçırlar. Mənə verəcəkləri qonarara on aktyor dəvət edib filmi ərsəyə gətirirlər. Beləliklə də qabaq düşürlər". Əgər rus kino industriyasında vəziyyət belədirsə, onda Azərbaycandan danışmağa dəyməz. Mən də belə düşünürdüm. Dünənəcən. "Xəzər" Lənkəran öz meydançasında 8-0 hesabıyla uduzanacan. İndi isə nikbinəm. Televiziyada "Sirr" serialı gedir. Musiqisi də gözəldir. Bütövlükdə serial baxımlıdır. Baş rolda Mehriban Zəki çəkilib. Böyük aktyor kollektivi içindən bircə onu tanıyıram. Gözəl oynayır. "Pərvanələrin rəqsi" serialına da baxıram. Gözəl aktyor kollektivi var. İçərisində bircə xalq artisti Ramiz Novruzu tanıyıram. O biri aktyorlar tanınmasalar da oyunlarına söz ola bilməz. Belə çıxır ki, seriala bir tanınmış artistin dəvəti bütövlükdə serialın səviyyəsini qaldırırmış. Bəs onda bir seriala beş-altı məşhur aktyor dəvət edilsə necə olar? Əlbəttə ki, onlara yüksək qonorar verilməlidir. Bu aydındır. Amma əvəzində bu yeni, istedadlı aktyor nəslinin yetişməsinə təkan verməzmi? Əgər əməkdar artist Mehriban Zəki və ya xalq artisti Ramiz Novruz tərəf müqabili kimi çəkiliş meydançasında gənclərə master-klas keçə biliblərsə, nəticədə isə meydana normal bir serial gəlibsə, deməli fikirləşməyə dəyər. Futbolumuzda yeddi legioner dörd milli oyunçuya dərs keçə bilmir. Futbolumuz da biabır ola-ola gedir. Bir əməkdar artist Mehriban Zəki, yaxud da xalq artisti Ramiz Novruz isə yeni yaranan seriallarımızda təkbaşına "legionerlik" missiyasını ləyaqətlə yerinə yetirirlər. Hörmətli oliqarx və milyonerlərimiz bəlkə kinomuza da diqqət ayırasınız. Mehriban Zəki kimi "legioner"lərimizin sayının artmasına kömək edəsiniz.
Digər Xəbərlər
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08