Yevlaxda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və bu günlərdə şəxsiyyəti müəyyən edilmiş şəhid Məmmədov Tərlan Fikrət oğlunun dəfn mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun deputatları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər ictimaiyyəti, şəhid ailələri və qazilər iştirak ediblər.
Qeyd edək ki, şəhid Tərlan Məmmədov 1975-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək, 1994-cü il yanvar ayının 10-da itkin düşmüşdür.
Şəhidin böyük izdihamla keçirilən dəfn mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin şəhid anasına qarşı göstərdiyi münasibət hər kəsin diqqətini çəkib, xoş təəssürat yaradıb.
Öz fəaliyyətində cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutan Anar Tağıyev ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının Yevlaxda əsaslı şəkildə hiss olunmasını təmin edən əsas şəxsdir.