11 fevral 2025-cü il tarixində Bakı şəhərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən 2024-cü ilin yekunlarına və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş geniş tərkibdə müşavirə keçirilib.
"Unikal" xəbər verir ki, müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavinləri, Xidmətin İdarə Heyətinin üzvləri, Xidmətə tabeli idarələrin rəhbərləri və Xidmətin mərkəzi aparatının məsul işçiləri iştirak ediblər.
Müşavirədə su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkilərinin qarşısının alınması, əhalinin dayanıqlı içməli su təchizatının həyata keçirilməsi, tullantı sularının axıdılması, kommunal-məişət su təchizatı, əkin sahələrinin su təminatı istiqamətində Xidmət tərəfindən 2024-cü ildə həyata keçirilmiş işlər ətraflı təhlil olunub. Həmçinin ayrı-ayrı idarə rəhbərlərinin hesabatları dinlənilib, işlərin keyfiyyətinin daha da artırılması üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə 2024-cü ildə Xidmətin qarşısında qoyulmuş vəzifələrin əsasən icra olunduğu qeyd olunub.
Müşavirənin sonunda meliorasiya, irriqasiya, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin normal istismarının təmin edilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, əhalinin dayanıqlı içməli su təchizatının həyata keçirilməsi, tullantı sularının axıdılması, kommunal-məişət su təchizatı, əkin sahələrinin su təminatı sahəsində 2025-ci ildə qarşıda duran məsələlər ətraflı müzakirə edilib və bu işlərin vaxtında və keyfiyyətlə icra edilməsi üçün müvafiq qərarlar qəbul edilib.