Modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevə hökm oxunub.
"Unikal"ın məlumatına görə, Mustafa Zeynalov son söz nitqi ilə çıxış edərək mərhumun ailəsindən üzr istəyib: "Mən Kamranla dost olmuşam. Lazımdır, diz qarşınızda diz çöküm. Bu işə görə ailəm məndən ayrılıb, dostlarım isə məndən üz döndərib. Mən bu yaşımda butulka ilə dostumu öldürəsi deyildim. Söz verirəm ki, azadlığa çıxsam, gedib Kamranın qəbrini ziyarət edəcəm. Birdə mənə icazə verin ki, mən cəzaçəkmə müəssisəsində dünyamı dəyişməyim".
Namiq Əliyev isə son sözündə özünü günahkar bilib, zərərçəkənin ailəsindən üzr istəyib: "Günahım var, gedib polisə, təcili yardıma zəng eləməli idim. Hamıdan üzr istəyirəm".
Təqsirləndirilən şəxslərin son sözündən sonra hakimlər müşavirəyə gedib. Hökmə əsasən Mustafa Zeynalov və Namiq Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib.
***
15:44
Bakının Sabunçu rayonunda modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatıb və hakim məhkəmə istintaqının yekunlaşmasını elan edib. Sonra dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edib. O, Mustafa Zeynalovun 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11-ci maddəsi ilə təqsirli bilinib 20 il, Namiq Əliyevin isə 120.2.1, 120.2.4,120.2.6, 120.2.11-ci maddələri təqsirli bilinib 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Prokuror həmin cəzanın ilk 5 ilinin həbsxanada çəkilməsini istəyib. Dövlət ittihamçısından sonra zərərçəkənin nümayəndəsi Vasif Mirzəyev çıxış edib. O da dövlət ittihamçısının təklif etdiyi cəza ilə razı olduğunu qeyd edib. Və 200 min manat maddi sübutun zərərçəkənin hüquqi varisinə qaytarılmasını istəyib.
Sonra Elnarə Bəkirova çıxış edib: "Bir gün zəng gəldi ki, atan yoxdur, onun səsi xatirələrdə yaşayacaq. Ədalət susmayacaq, atamı öldürən belə deyərdim məxluqlar öz layiqli cəzalarını alacaqlar. Sizin ədalətli qərarınıza inanıram. Mən sussamda, ədalət susmayacaq".
Təqsirləndirilən şəxsin vəkillərinin çıxışından sonra onlara son söz demək hüququ verilib. Təqsirləndirilən şəxslər Mustafa Zeynalov və Namiq Əliyev son söz üçün vaxt istəyib.
İstintaq sənədlərinə görə, 2023-cü il aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.
Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.
Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov və 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.
İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.
Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.
Seymur Əli