Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar.

"Unikal" xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verdilər.

Bildirildi ki, Əsgəran qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq və təşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. Layihəyə əsasən, qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji qazıntıların aparılması və açıq səma altında tarixi parkın yaradılması nəzərdə tutulur.

Qala ərazisində müxtəlif rekreasiya xidmətlərinin də təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin (piyada və nəqliyyat) hazırlanması planlaşdırılır.

Kompleks ərazisində ilin dörd fəslində festival və mədəni tədbirlərin keçirilməsi, idman, istirahət və əyləncə, ticarət, ictimai iaşə və digər sahələr üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.

Prezidentlə xanımının Əsgəran qalasından video-görüntüsünü təqdim edirik: