Hava ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Fevralın 21-də Bakı və Abşeron yarımadasında gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı ehtimal olunur.

Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. 22-si günün birinci yarısında yağıntıda fasilə olacaq.

Havanın minimal temperaturunun Bakı və Abşeron yarımadasında 0-3, Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacağı gözlənilir.

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.

*** 13:20

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı, bəzi yolların isə buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-7° şaxta olacaq.

Bəzi rayonlarda yolların buz bağlama ehtimalı var.