Hövsan qəsəbəsi, 118 saylı tam orta məktəbdə "Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və fəsadları" mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, "Höccət İbn Həsən məscidi"nin nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər, yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə məktəbin direktoru Nizaməddin Ağcayev, Suraxanı Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Asəf Əmrahov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşı Aqil Əlisoy, "Höccət İbn Həsən məscidi" dini icmasının sədri Allahverən Məmmədzadə və məktəbin psixoloqu Səid Lətifli çıxış edərək dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onun cəmiyyətə təsiri, dini radikalizmin qarşısının alınması yolları və maarifləndirmənin əhəmiyyəti haqqında şagirdlərə ətraflı məlumat veriblər. Bildirilib ki, dini radikalizmin qarşısının alınmasında maarifləndirmə və təhsil əsas rol oynayır.

Müzakirələr zamanı dini radikalizmin yayılma səbəbləri, onun sosial və mədəni təsirləri, habelə gənclərin bu təhlükədən qorunması üçün atılmalı addımlar barədə fikir mübadiləsi aparılıb. Həmçinin, şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.