Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı ən vacib şərtlərdən biri Ermənistanın Konstitusiyasına dəyişiklik edilməsidir. Bu gün Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan ölkəsinin yeni Konstitusiya layihəsinin hazırlanması məsələsinə toxunub. O deyib ki, Ermənistanın yeni Konstitusiya layihəsinin mətni 2026-cı ildə baş tutacaq parlament seçkilərinə qədər hazır olmalıdır.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Ermənistanın yeni Konstitusiyasına nə yazacağı onun daxili işidir:
"Orada yenə də Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən müddəa olacaqsa, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmayacaq. Sözügedən sülh müqaviləsi bu gün Azərbaycandan daha çox Ermənistana lazımdır. Nə demələrindən asılı olmayaraq, Zəngəzur dəhlizinin açılması, Azərbaycan ərazisindən keçərək Rusiyaya daxil olmaları Ermənistana hava-su kimi lazımdır.
Sülh müqaviləsi olmasa, Azərbaycanla Ermənistanın sərhədi açılmayacaq. Beləliklə, Ermənistanın iqtisadiyyatı yenə də tənəzzüldə qalacaq", - deyə o qeyd edib.
A.Mirzəzadə əlavə edib ki, Ermənistan Azərbaycanın tələbini qəbul etməyə məcburdur:
"Ermənilər indiki Konstitusiyada Müstəqillik bəyannaməsinə istinad edirlər. Adıçəkilən bəyannamədə isə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-ə birləşməsi barəsində 1989-cu ilin dekabrındaki müddəa öz əksini tapıb.
Buna görə də, Ermənistan əgər gələcəyini görmək istəyirsə, o bəndi çıxarmalıdır. Qalan işlər isə onların daxili işidir.
Vaxtaşırı Ermənistan rəsmiləri bildirirlər ki, sülh müqaviləsinin 17 bəndindən 15-i razılaşdırılıb. Deyirlər ki, 15 bəndə indidən qol çəkək. Azərbaycana isə yarımçıq sülh lazım deyil. Biz yarımçıq müqavilə imzalasaq, onda gələcəkdə yeni münaqişə baş verə bilər.
Kim bilirdi ki, 1923-cü ildə Azərbaycan ərazisində heç bir ehtiyac olmadan bir qrup Ermənistan sakini üçün muxtariyyət yaradanda bu, yer altında qalan mina kimi üstündən 65 il keçəndən sonra partlayacaq?
Bir daha qeyd edək ki, Ermənistan öz Konstitusiyasındakı dəyişikliyi nə qədər tez etsə, onlar üçün bir o qədər yaxşı olacaq".
Murad İbrahimli