Uşaq və gənclərin vətənpərvər ruhda, onların hələ uşaqlıqdan vətən sevgisi ilə böyüməsində ailələrin rolu böyükdür. Elə ailə kiçik dövlətdir sözü də boşuna deyilməyib. Dövlətin güclü, qüdrətli olması həm də onu sevən, göz bəbəyi kimi qoruyan gələcəyin yetişməsindən asılıdır. 44 günlük şanlı Zəfərlə başa çatan müharibə göstərdi ki, Qarabağda doğulmayan, Qarabağı görməyən gənclər onun uğrunda ölümə getməyi bacardılar. Bütün bunların kökündə isə uşaqların hələ körpəlikdən vətən sevgisi ilə böyüdülməsinin rolu danılmazdır. Hələ beşikdə bizə laylay çalarkən vətəni ana qədər sevməyi öyrədən analarımızın bir əsas amalı da vətənpərvər ruhda övlad böyütmək, cəmiyyətə, vətənə layiqli vətəndaş yetişdirmək olub. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyevlə söhbətimiz də ailələrdə vətənpərvərliyin aşılanması, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsi ilə bağlı oldu. 

H. Əliyev “Unikal” qəzetinə müsahibəsində bildirdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənclərin vətənpərvər ruhda yetişməsi üçün səlahiyyətləri daxilində bütün addımları atır.  Onun sözlərinə görə, qəbul olunan Dövlət proqramları, Milli fəaliyyət planı, habelə tədbirlər planında bütün bunlar öz əksini tapıb. 

“Təbii ki, bura il ərzində keçirilən onlarla layihələr, tədbir və təlimlər də daxildir. Ailələr və uşaqlarla keçirilən tədbirlərdə milli dəyərlərin aşılanması və qorunub saxlanması istiqamətində Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən zəruri məlumatlar verilir. Digər mövzular üzrə həyata keçirdiyimiz bir sıra tədbirlərimizə ayrılan zamanın 5-10%-i vətənpərvərlik hisslərinin aşılanması üçün hesablanır. Bununla yanaşı Dövlət Komitəsi məhz bu mövzuda bir sıra layihələr hazırlamış, tədbir və təlimlər keçmişdir. Buna misal olaraq, “Vətəni sevək, ona layiq olaq” mövzusunda keçirilən silsilə tədbirini göstərmək olar. Komitənin nəzdində fəaliyyət göstərən 18 yaşadək seçilmiş Uşaq Səfirlər Məclisinin üzvləri, məktəblərdə yaradılmış məclisin nümayəndəlikləri, habelə, regionlarda yerləşən səfir nümayəndələr öz ərazilərində, məktəblərində onlar üçün qəbul edilmiş tədbirlər planına əsasən müvafiq mövzuda təlimlər keçirirlər. Bundan başqa, Dövlət Komitəsi Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil ocaqlarında təlimlər keçirir, gənclərin və uşaqların sağlam, vətənpərvər ruhda yetişməsi üçün onları təlimatlandırır. Təlimlərin qısa xülasəsi Azərbaycanın bu gün dünyada söz sahibi olmasına gətirib çıxaran amillərdən, Dövlətin və ordunun möhkəmlənməsinin millət üçün önəmli olmasından, xalqın ölkə başçısının ətrafında birləşməsinin Azərbaycana gətirdiyi uğurlardan, həmçinin, ata-babadan milli-mənəvi dəyərlərə sahib çıxan, torpağını və vətənini sevən xalq nümayəndələri kimi bu ruhun qorunmasının önəmindən ibarətdir”, deyə Həsən Əliyev bildirir. 
Komitə səlahiyyətlisi deyir ki, keçirilən tədbirlərin nəticəsi çox böyükdür:” “Buna misal olaraq uşaqların könüllülük hərəkatına qoşulmasının önəmli dərəcədə artmasını nümunə göstərə bilərik. Çünki uşaqlar və gənclər bu ruhda böyüdükləri üçün dövlətlə həmrəy olub, onun sıralarına qoşulmağa can atırlar. Əyani misal kimi isə təlimlərimizin sonunda mütləq şəkildə bir sıra uşaqlar Komitə mütəxəssislərinə yaxınlaşaraq öz həyatlarına yeni istiqamət vermək üçün haradan başlaya biləcəklərini soruşmalarını və bizdən dəstək istəmələrini göstərmək olar. Tədbirlər zamanı 44 günlük zəfər salnaməsindən bəhs edərkən uşaqların qürurlanması, gələcəkdə hərbçi, polis kimi işləmək üçün yeni fikirlərinin formalaşmasını da misal göstərə bilərik. Mütəxəssislər uşaqlara və gənclərə vətənin, torpağın, Azərbaycanın nə demək olduğunu başa salır, bu da öz yolunda uşaqlarda vətənpərvərlik hissini ucaldır. Gənclərimizdə vətənpərvərlik hissinin yüksək mərtəbədə olmasının digər önəmli amili isə valideynlərin roludur. Dəyərlərinə sadiq olan xalqın nümayəndələri həmişə övladlarını bu ruhda tərbiyə edir, böyüdür, təhsil verir. Bu səbəbdən uşaqlar böyüklərlə birlikdə vətənini sevən, dəyərlərinə sadiq, bir yumruq kimi hər zaman birlikdə inkişaf edir”. 

Qeyd edək ki, Azərbaycanın gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərimizin vətənpərvərlik, azərbaycançılıq, dövlətçiliyə və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasıdır.Dövlətimiz öz müstəqilliyini yenidən bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri də uşaq və gənclərin sağlam və vətənpərvər ruhda böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyəsi məsələsi oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində gələcəyimiz olan gənc nəslin inkişaf etməsi üçün bütün lazımi tədbirlər həyata keçirildi. Sevindirici haldır ki, əsası Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti nəticəsində həm ölkə daxilində, həm də ölkə xaricində Azərbaycanımızı layiqincə təmsil edən gənclər yetişib. Vətənpərvərlik ruhu təkcə ailədə deyil, bütün dövlət qurumlarında, özəl sektorda, o cümlədən ayrı-ayrı sahələrdə çalışan hər kəs üçün ən önəmli faktor olmalıdır.

Gülayə Mecid