Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Ceyhun Zeynalovun məhkəmə prosesi başa çatıb.

"Unikal"ın məlumatına görə, cinayət işində 2 nəfər - Rahil Əsgərov və Şaiq Hüseynov zərərçəkmiş qismində tanınıb. Belə ki, Ceyhun Zeynalov Rahil Əsgərova 881 min, Şaiq Hüseynova qarşı isə 200 min manatlıq dələduzluq edib. 

Ceyhun Əsgərovun vəkili verilən ittihamla razılaşmayaraq hökm çıxardarkən Ceyhun Zeynalovun himayəsində 3 azyaşlı övladının olmasını nəzərə almağı xahiş edib.

Zərərçəkən Şaiq Hüseynov Ceyhun tərəfindən ödənilən 36 min manatı Ceyhuna 2-ci dəfə verdiyi puldan ödədiyini bildirib: "Barışmamışam, hətta mənə səs atıb ki, başıma bir iş gəlsə, günahkar sənlə Rahilsən. Dəymiş ziyanı tələb edirəm". 

Zərərçəkən Rahil Əsgərovun nümayəndəsi Nüşabə Ağayeva onlara dəymiş 881 min manatdan heç nə ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.

Hakim Rasim Sadıxov müşavirə otağından qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən, Ceyhun Zeynalov 11 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. 

İttihama aktına görə, Ceyhun Zeynalov pul vəsaitlərini əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları, eyni zamanda istintaqa məlum olmayan başqa üsullarla qanunsuz olaraq Azərbaycan Respublikasına köçürülməsini təşkil edib. Həmin pul vəsaitlərini Bakı şəhəri, Cəlilabad və Masallı rayonu ərazisində istintaqa məlum olmayan yerlərdə naməlum şəxslərin vasitəsilə 478 min manatı Rahil Əsgərovun dediyi şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə Bakı şəhəri ərazisində aidiyyəti üzrə çatdırıb. Buna baxmayaraq, həmin pul vəsaitlərindən qalan, yəni zərərçəkmiş şəxs Rahil Əsgərova məxsus olan ümumilikdə 880 min 132 manat pulu vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək xüsusilə külli miqdarda dələduzluq edib.

Seymur Əli