Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 27-də davam etdirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyan ifadə verib. O, Ermənistanın Azərbaycana qarşı apardığı təcüvüzkar hərbi müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı həyata keçirilən çoxsaylı cinayət əməllərinin törədilməsində iştirak etdiyinə görə ittiham olunur.

A.Qukasyan deyib ki, Ermənistan Respublikası Qarabağın qarantı kimi çıxış etmişdi: “Təbii ki, bu həll olunmamış məsələlər qrupunda kiçik Qarabağ öz müdafiəsini konflikt həll olunana qədər təkbaşına həyata keçirə bilməzdi”.

O, 2020-ci ildə 44 günlük müharibə zamanı Qarabağda olduğunu bildirib: “Bu, o vaxta təsadüf etdi ki, mən Qarabağa gəlmişdim. Demək olar ki, müharibənin 2-ci günü biz digər "keçmiş prezident" Bako Saakyanla birgə, Arayik Harutyunyanla görüş tələb elədik.

Biz onunla görüşdük. Ondan xahiş etdik ki, əlindəki bütün imkanlardan istifadə edərək Ermənistandan müharibəni dayandırmağı xahiş etsin”.

A.Qukasyan iddia edib ki, Qarabağ ərazisində heç bir muzdlu olmayıb: “Müdafiə Nazirliyi və Ermənistan ordusu olub, hansı ki, Ermənistan Respublikası tərəfindən maliyyələşdirilirdi”.