Aralarında Adnan Oktarın da olduğu 19 müttəhim rəsmi sənədlərin saxtalaşdırılması, rəsmi sənədlərin məhv edilməsi və qaçaqmalçılıq ittihamlarından bəraət alıb.

"Unikal" xəbər verir ki, İstanbul Anadolu 1-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə Adnan Oktar və 14 müttəhim, onların vəkilləri iştirak edib.

Bəzi müttəhimlər səsli və vizual məlumat sistemi (SEGBİS) vasitəsilə məhkəməyə qoşulub. Mövzu ilə bağlı fikirlərini açıqlayan dövlət ittihamçısı, müttəhim Özkan Mamatinin ifadəsinə əsasən, 04 noyabr 2013-cü il tarixində Haydarpaşa limanına gələn 21 konteynerin bütün sənədlərinin Çindən çıxış zamanı məhv edildiyini, əvəzində onların da Çində qurduğu TGL HKN Logistics şirkəti tərəfindən saxta sənədlər hazırlandığını bildirib.

Məhkəmə qərarını aşıqlayaraq "rəsmi sənədlərdə saxtakarlıq", "rüşvətxorluq və rəsmi sənədlərin məhv edilməsi" və "qaçaqmalçılıq" cinayətlərindən Adnan Oktarla digər 18 müttəhimin bəraətinə qərar verib.