Rusiya FTX Sərhəd Xidmətinin Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsindəki əməkdaşları erməni sərhədçiləri ilə əvəzlənib.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Telegram"da bildirib.

"Bu gündən etibarən Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsində xidmətlər yalnız Ermənistan sərhəd qoşunları tərəfindən həyata keçirilir", - Paşinyan yazıb.

Onun sözlərinə görə, iki ölkə arasında sərhəd bağlı olduğu üçün keçid məntəqəsi fəaliyyət göstərmir. Lakin 2022-ci ilin yayında hökumətin qərarı ilə keçid məntəqəsi təmir olundu və orada Rusiya sərhədçiləri xidmət etməyə başladı. Paşinyan Rusiya sərhədçilərinə həmin müddətdə göstərdikləri xidmətə görə təşəkkür edib.

“Marqara keçid məntəqəsinin Ermənistan sərhəd qoşunlarının nəzarətinə verilməsi o deməkdir ki, martın 1-dən Ermənistan ərazisinə daxil olan və çıxan vətəndaşlar üzərində sərhəd nəzarəti müstəsna olaraq Ermənistan sərhəd qoşunları tərəfindən həyata keçiriləcək, çünki bütün (fəal və qeyri-fəal) keçid məntəqələrində yalnız sərhədçilər xidmət göstərir", - deyə Paşinyan qeyd edib.