Böyük Britaniya və Fransa Ukrayna ilə birgə döyüşləri dayandırmaq üçün çalışacaq və bu planı ABŞ-la müzakirə edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer “BBC”nin “Sunday With Laura Kuenssberg” proqramında bildirib. Kir Starmerin sözlərinə görə, onun Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronla apardığı danışıqlar nəticəsində Böyük Britaniya, Fransa və daha bir neçə ölkə Ukrayna ilə birgə döyüşlərin dayandırılması planı üzərində işləyəcək. Sonra bu plan ABŞ-a təqdim ediləcək.
Baş nazir Zelenskinin hansısa səhvə yol verib- vermədiyi ilə bağlı sualı da cavablayıb: “Xeyr, düşünmürəm. O, artıq üç ildir ki, müharibə vəziyyətində olan bir ölkənin rəhbəridir”.
Baş nazir Kir Starmer davamlı sülh üçün üç əsas prinsipin vacib olduğunu deyib. Bildirib ki, Ukraynanın mübarizəni davam etdirmək gücünə malik olması və danışıqlarda güclü mövqedə dayanması, Avropa ölkələrinin Ukraynaya təhlükəsizlik dəstəyi verməsi və ABŞ-ın təminatı əsas prinsiplərdəndir.