Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılır.
"Unikal" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Bildirilib ki, martın 3-də Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səs yazısı yayılıb. Direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib.