Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 6-da davam etdirilib.

"Unikal" xəbər verir ki, təqsirləndirilən daha bir şəxs Levon Balayan ifadəsində 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları zamanı Ermənistan dövlətinin nəzarətində olan qondarma rejimin “ordusu”nda xidmət etdiyini söyləyib.

Təqsirləndirilən şəxs Madat Babayan isə 1992-ci ildə Xocalıda olduğunu etiraf edib. O vurğulayıb: “1992-ci ildə Xocalıda olmuşam. Məni çağırdılar getdim. Dedilər burada meyitlər var, gəl dəfn edək. Mən də aparıb yerini göstərdim”.

Ardınca təqsirləndirilən şəxs Bako Sahakyan söz istəyərək qısa çıxış edib. O, Ermənistanın rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərən qondarma rejimin “prezidenti” kimi gördüyü işlərdən danışıb. Habelə ibtidai istintaq dövründə verilən sualları cavablandırması üçün ona geniş imkanların yaradıldığını qeyd edib.