Antidopinq qaydalarını pozduğu üçün futboldan uzaqlaşdırılan Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın diskvalifikasiya müddəti başa çatıb.

"Unikal" AS nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu artıq karyerasını istənilən klubda davam etdirə bilər. İddiaya görə, oyunçunun xidmətində ölkəsinin "Marsel" və ABŞ-ın "İnter Mayami" kollektivləri maraqlıdır. Onun son komandası İtaliya təmsilçisi "Yuventus" olub.

Poqbanın əsas məqsədinin Fransa millisinin heyətində 2026-cı il dünya çempionatında iştirak etmək olduğu bildirilib. Buna görə də futbolçu növbəti mövsümə mümkün qədər yaxşı hazırlaşmaq istəyir.

Qeyd edək ki, İtaliya Milli Antidopinq Tribunalı (NADO Italia) Pol Poqbanı qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 4 il müddətində futboldan diskvalifikasiya etmişdi. Amma daha sonra futbolçunun cəzası yüngülləşdirilmişdi.