Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
İş üzrə şahid qismində tanınan Mürsəl Əliyev bildirib ki, təqsirləndirilən şəxsi tanımır: “Təqsirləndirilən şəxslə tanışlığım yoxdur. Mən “Bakı” jurnalında baş mühasib vəzifəsində çalışmışam. Bir neçə dəfə “Şahin CO”nun hesabatlarını vermişəm. Sözügedən hesabatlar da boş hesabatlar olub. Şirkət fəaliyyət göstərmədiyi zaman boş hesabat verilir. Zahidi isə 3 dəfə görmüşəm. “Bakı” jurnalına hesabatları vermək üçün gələndə, Vergilər Nazirliyində və bir dəfə də DTX-də görmüşəm”.
Dövlət ittihamçısının “AES Kapital” MMC-nin yaradılmasında məqsədi barədə sualına cavab olaraq bununla əlaqəsi olmadığını bildirib.
Onun istintaqa verdiyi ifadə ilə indiki ifadə arasında ziddiyyət olub.
Məhkəmə onun ifadəsini elan edib.
O, ifadəsində bildirib ki, “AES Kapital” MMC Dəyanət Quliyev və Fərid Hüseynovun göstərişi ilə yaradılıb:
““Şahin CO”-ya kredit ayrılması Fazil Məmmədovun göstərişi ilə olub. Sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov Fazil Məmmədovdan bu barədə xahiş etmişdi. Ona kredit arılması üçün də bu MMC yaradıldı. Bunu yaratmaqda köməklik göstərmək mənə tapşırıldı. Kreditin ayrılması üçün mənim hazırladığım sənədlər banka göndərilib və kredit ayrılıb. Bir dəfə 10 milyon dollardan çox, 13,660,000 dollar və başqa əməliyyatlar həyata keçirilib. Daha sonra 7 milyon manat təsərrüfat məqsədilə nağdlaşdırılıb”.