Martın 13-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimdə yaşayan erməni sakinlərə Ermənistan pasportu verildiyini etiraf edib.
"Unikal"ın xəbərinə görə, o bildirib ki, həmin pasportlara “Ermənistan Respublikası” yazılırdı: “Lakin orada harada yaşadığı ünvan göstərilirdi: Xankəndidirsə, Xankəndi, Ağdərədirsə, Ağdərə. Bu pasportlar imkan verirdi ki, insanlar Rusiyaya, Avropaya və digər yerlərə gedə bilsinlər. Ona görə də belə bir qərar qəbul olunmuşdu ki, pasportlar Ermənistanda alınsın. Ermənistan vətəndaşları və Qarabağda yaşayan erməni sakinlərinin istifadə etdikləri pasportlar xarici görünüşünə görə eyni idi. Fərq yalnız seriya nömrələrində idi. Qarabağda yaşayan erməni sakinlər üçün Ermənistan tərəfindən ayrıca seriya nömrəsi verilmişdi”.
Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatının aparılmadığını bildirən A.Qukasyan qeyd edib: “Ermənistan vətəndaşlarının Qarabağa gəldikdə və Qarabağda yaşayan erməni sakinlərinin Ermənistana getdikdə qeydiyyat aparılmırdı. Ermənistandan Qarabağa xarici vətəndaşlar gələndə və qayıdanda onların qeydiyyatı aparılırdı. Çox ölkələrdən gəlirdilər. Bir müddət bundan əvvəl “hakimiyyətdə olanlar” bu suallara cavab verə bilərlər. Çox insan - deputatlar, senatorlar, konqresmenlər və digərləri gəlirdilər”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 14-də davam etdiriləcək.