Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ISO (International Organization for Standardization) beynəlxalq standartlarına dair iki sahə üzrə sertifikatlara layiq görülüb. 

"Unikal" xəbər verir ki, cari ilin 5-7 mart tarixlərində AQTA-da beynəlxalq auditor tərəfindən keçirilən müvafiq standartlar əsasında inteqrasiya edilən idarəetmə sisteminin auditinin nəticələrinə əsasən, Agentlikdə idarəetmə sisteminin “Keyfiyyət İdarəetmə Sistemi üzrə” ISO 9001:2015 və “Antikorrupsiya İdarəetmə Sistemləri” ISO 37001:2016 standartlarına uyğunluğu təsdiq edilib və hər iki beynəlxalq standart üzrə sertifikatlar təqdim olunub.

Xatırladaq ki, Agentlikdə 2024-cü ilin avqust ayından sözügedən hər iki standartın tətbiqi istiqamətində işlərə başlanılıb. ISO beynəlxalq standartlarının tətbiqi idarəetmə və əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsinə, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması, idxal-ixrac əməliyyatları da daxil olmaqla, ümumilikdə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması istiqamətlərində fəaliyyətinin daha da şəffaf və operativ qurulmasına, vətəndaşların məmnunluğunun artırılmasına öz töhfəsini verəcəkdir. 

Qeyd edək ki, ISO beynəlxalq standartları hazırda dünyada bir sıra mütərəqqi təşkilatlar və qurumlar tərəfindən tətbiq olunmaqdadır. AQTA fəaliyyətinin daha da təkmilləşdirməsi, eyni zamanda beynəlxalq standartların tətbiq edilməsi istiqamətindəki işlərini gələcəkdə də davam etdirəcəkdir.