Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri, yüksəkrütbəli zabitlər hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluqdan "Unikal"a bildirilib ki, görüş iştirakçıları xalqı və dövləti qarşısında müstəsna xidmətləri olan Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər. Ardınca Dövlət Himni səsləndirilib.

Bundan sonra, Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin təbrikləri, eləcə də tövsiyələri şəxsi heyətə çatdırılıb.

Ardınca Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun davam etdirən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün istiqamətlər üzrə qazandığı uğurlardan, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımızın hərtərəfli inkişafından, Azərbaycanın əzəmətinin daha da artaraq dünya ölkələri sırasında böyük nüfuz və söz sahibinə çevrilməsindən, Silahlı Qüvvələrimizin qüdrətindən bəhs olunaraq, qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın zəngin fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib. Eyni zamanda, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə və lokal xarakterli antiterror tədbirləri, o cümlədən xalqın müdrikliyi və hərbçilərin şücaəti xüsusi vurğulanmaqla qürur dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.

Ardınca "Konstitusiya və Suverenlik ili" çərçivəsində hüquqi maarifləndirici mövzularda çıxışlar edilib, hərbi qulluqçuların sualları cavablandırılıb, onların qayğı və problemləri dinlənilib.

Sonda hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.