Moskvanın Basmannı məhkəməsi istintaqa 2024-cü ilin dekabrında AZAL-ın "Embraer 190" təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib.
"Unikal" xəbər verir ki, bu barədə "RIA Novosti" məhkəmə materiallarına istinadən məlumat dərc edib.
"Sənədlərdə deyilir ki, müstəntiq vəsatəti 2025-ci ilin yanvarında verib və məhkəmə iclasında prokuror vəsatəti dəstəkləyib. Qəza ilə bağlı cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılır, buna görə də ibtidai istintaq yerindəki ərizəyə Moskvanın Basmannı Məhkəməsi baxıb.İnstansiya iş materiallarını yoxlayaraq, vəsatəti əsaslı hesab edib. Məhkəmə sənədlərin götürülməsinə icazə verib və qərar qanuni qüvvəyə minib", - KİV yazıb.
Qeyd edək ki, Azərbaycan Hava Yollarının (AZAL) Bakıdan Qroznıya uçan "Embraer 190" təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Aviaşirkətin məlumatına görə, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 38-i həlak olub.