"Statistik göstəricilər sübut edir ki, ölkəmizdə elmin inkişafı ciddi şəkildə dayanıqsızdır və sistemli problemlərlə qarşı-qarşıyadır".
"Unikal" xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Azərbaycanda elmi tədqiqatların maliyyələşdirilməsində əsas yük hələ də dövlət büdcəsinin üzərindədir:
"2024-cü ilin dövlət büdcəsində elmi tədqiqatlara ayrılan vəsait 95 milyon manat təşkil edib. Bu ümumi büdcənin cəmi 0.5%-i deməkdir. Avropa İttifaqı ölkələri elmə orta hesabla 2-3% arası vəsait ayırırlar. İsrail bu rəqəmi 4.9%-ə, Cənubi Koreya isə 4.6%-ə çatdırıb. Yəni, inkişaf etmiş ölkələr elmi strateji sahə kimi görür, biz isə hələ də onu simvolik səviyyədə dəstəkləyirik. Digər böyük problem elmi kadrların sosial rifahıdır. Elmi-tədqiqat institutlarında çalışan alimlərin orta aylıq maaşı 400-600 manat arasında dəyişir. Bu maaşla nə elmi fəaliyyət mümkündür, nə də normal yaşam. Gənclərin elmə maraq göstərməməsinin əsas səbəblərindən biri də budur. Onlar elmə yox daha gəlirli sahələrə yönəlirlər".
Ekspert qeyd edib ki, Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olanların sayı son illər artsa da, bu artım daha çox formaldır: "Keyfiyyətli tədqiqat işi aparan alimlərin sayı çox azdır. Bunun bir səbəbi də elmdə hökm sürən məmurlaşma və qapalı struktur sistemidir. Gənc alimlərə meydan verilmir, təşəbbüslər dəstəklənmir, elmi layihələr isə çox zaman ya formal şəkildə bölüşdürülür ya da inzibati əngəllərlə qarşılaşır. Elmi mühitdə məmur düşüncəsi hökm sürdükcə orada yaradıcı tədqiqat ruhu ola bilməz. Hökumət son illərdə müəyyən addımlar atıb. “Elm haqqında qanun” qəbul edilib, elmi fəaliyyətlərin maliyyələşdirilməsi üçün yeni fondlar yaradılıb. Lakin bu addımlar hələ ki, nəticə verməyib. Əgər bu siyasət real islahatla müşayiət olunmazsa, sadəcə qanun və fond yaratmaqla elmi inkişaf etdirmək mümkün olmayacaq. Bu gün elm adamları üçün dəyişiklik lazımdır".