Oqtay Şirəliyevə həm asan, həm çətin sual
19:23 18-08-2013
CƏMİYYƏT
Oqtay Şirəliyevə həm asan, həm çətin sual
Və ya bir daha qəhətə çıxan zərdablar haqqında
Bu yayın da əsas mövzularından biri ilan zəhəri əleyhinə zərdabların çatışmazlığı və nəticədə ölüm hallarına rastlanması oldu.
Bir müddət əvvəl Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirdi ki, ilan sancması halları ilə bağlı bütün bölgələrdən müraciətlər olur. Amma ən çox müraciətlər şimal zonasından Qazax, Şəki, İsmayıllı, Qəbələ, Aran rayonlarından Yevlax, Bərdə, Siyəzən, Şirvan, cənubda isə Masasllı və Lənkəranın payına düşür.
Respublikanın baş toksikoloqu mətbuata açıqlamasında ötən il ilan və əqrəb zəhəri əleyhinə zərdabların ölkədə mövcud olmadığını və bu məsələnin Səhiyyə Nazirliyinin qarşısında qaldırıldığını bildirmişdi. Sonradan isə bu il kifayət qədər zərdab alındığını və Səhiyyə Nazirliyinin bütün mərkəzi rayon xəstəxanalarını zərdabla təmin etdiyini bildirdi. Amma reallıq vəziyyətin belə olmadığını göstərir. Bir çox ilan sancması halları zamanı ya vətəndaşlar təcili Bakıya çatdırılır, ya da nəticə faciəvi olursa, onda rayon xəstəxanalarının zərdabla təmin edilməsindən necə danışmaq mümkündür.
Ən əsası, kənd xəstəxanalarına zərdabın verilməməsinin səbəbi nədir? Axı elə kəndlər var ki, orada rayon mərkəzi arasında məsafə yetərincə uzaqdır, bu isə sancmanın fəsadlarını ağırlaşdırır. Düzdür, rəsmilər iddia edirlər ki, prosedur belədir ki, kənd xəstəxanaları mərkəzi rayon xəstəxanalarına müraciət etməlidirlər. Amma burada da reallıq fərqlidir. Əvvəla, kənd xəstəxanalarının əksəriyyətinin şəraiti hamıya bəllidir, ikincisi, bir çox hallarda kənd xəstəxanalarının belə müraciətlərinə mənfi cavab verilir, zərdab olmadığı deyilir.
Səhiyyə Nazirliyindən onu da iddia edirlər ki, Sovet dövründə olduğu kimi, hazırda apteklərdə satışda zərdab var. Amma problem ondadır ki, apteklərdə satılan zərdab ilanın zəhərini öldürməyə kifayət etmir. Bunun da səbəbi odur ki, apteklərdəki zərdab ucuzdur. Nazirliyin alıdığı zərdabın bir ampluasının 300-350 manat olduğu deyilir. İnandırıcı deyil ki, Azərbaycan əhalisinin bunu kütləvi şəkildə almağa imkanı çatsın. Yalnız tək-tək adamlar bu qiymətə zərdab ala bilər. Buna görə də apteklər keyfiyyətli zərdabı satışa qoymağa üstünlük vermirlər.
Ən ilginci isə odur ki, bu yaxınlarda saytların biri hansı aptekdə zərdab olduğunu dəqiqləşdirmək üçün Bakıdakı 10-a yaxın apteklə əlaqə saxlamışdı. "Vitamin" Aptek, AVİS Tibbi Marketlər Şəbəkəsi, Aptek "Sara", "Zəfəran", "Loğman" və əlaqə saxlalan digər apteklərdən bildirdilər ki, onlarda zərdab yoxdur. Hətta bəzi apteklərdə təəccüblə zərdabın nə olduğunu soruşdular...
Göründüyü kimi, deyilənlərlə reallıq arasında dərin uçurum var. Belə təəssürat yaranır ki, o boyda Səhiyyə Nazirliyi bir zərdab problemini kökündən həll etməkdə aciz qalıb. Halbuki başqa vaxt Azərbaycanda bütün sahələr kimi, səhiyyənin də sürətli inkişafından danışılır, onun səviyyəsinin az qala Avropa standartlarına yüksəldiyi mədh edilir. Bəs haqqında danışılan inkişafla ölkədə heç cür həll edilmək bilməyən zərdab problemi üst-üstə düşürmü?
Qoy bu bir az asan, bir az da çətin sualın cavabına hörmətli səhiyyə naziri Oqtay Şirəliyev və onun əməkdaşları aydınlıq gətirsin.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24