AXCP seçkidə iştirak etmək niyyətində deyil
20:09 20-08-2013
CƏMİYYƏT
AXCP seçkidə iştirak etmək niyyətində deyil
Əli Kərimlinin müavini İsa Qəmbərin öhdəlik götürməsi şərtini irəli sürdü
AXCP sədri Əli Kərimli vaxtaşırı açıqlamalarında, çıxışlarında Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləməyə hazır olduğunu bəyan edir. Bununla belə, Əli Kərimli şərtini də əlavə eləyərək bildirir ki, Milli Şuradakı digər qüvvələr də İsa Qəmbərin namizədliyini müdafiə edəcəkləri halda, o, Müsavat başqanını dəstəkləməyə hazırdır.
İsa Qəmbərin namizədliyi məsələsinə AXCP-nin üzvlərinin də münasibətinin fərqli olduğu bəllidir. Bəs, belə vəziyyətdə Əli Kərimli Müsavat başqanının namizədliyini dəstəklədiyini bəyan edərsə, AXCP üzvlərinin mövqeyi necə olacaq, bütün cəbhəçilər bu addımı qəbul edəcəklərmi?
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı bildirdi ki, indiki situasiyada İsa Qəmbərin namizədliyi müzakirə mövzusu deyil: "Belə bir mövzu gündəmdə yoxdur. Ona görə ki, AXCP Milli Şuranın vahid namizədinin dəstəklənməsi mövqeyindən çıxış edir. Milli Şuranın müəyyənləşdirdiyi namizədi AXCP-nin dəstəkləməsindən söhbət gedir".
AXCP rəsmisi bəyan etdi ki, Milli Şuranın vahid namizədi olmağa iddia eləmək üçün Milli Şuranın müəyyənləşdirdiyi öhdəlikləri öz üzərinə götürmək lazımdır. İsa Qəmbər də bəyan etməlidir ki, o, Milli Şuranın vahid namizədi olmaq istəyirsə, iki illik prezidentlik uğrunda mübarizə aparmağa hazırdır və iki illik prezidentlikdən sonra prezident seçkisində iştirak etməyəcək: "Bu və digər müəyyən edilmiş öhdəliklər üzərinə götürüləndən sonra AXCP onu müdafiə edəcəyini bəyan eləyib və bu mövqedə qalır. İsa bəy isə belə bir mövqeni bildirmədiyi üçün hesab edirəm ki, onun dəstəklənməsi AXCP-də müzakirə mövzusu deyil. AXCP üçün prioritet məsələ Milli Şuranın bütövlüyünün qorunub-saxlanması və Milli Şuranın vahid namizədinin müəyyənləşdirilərək rəsmən irəli sürülməsidir. Kimlərsə vahid namizəd olmaq istəyirsə, ictimaiyyət qarşısında bəyan eləməlidir ki, Milli Şuranın vahid namizədliklə bağlı müəyyənləşdirdiyi şərtlərlə razıdır".
"Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq problemi həllini tapmayacağı və Milli Şuranın da başqa bir namizədin üzərində dayanması mümkün olmayacağı halda AXCP partiya olaraq seçkiyə Əli Kərimlinin namizədliyi ilə qatıla bilərmi?" sualına F.Qəhrəmanlı belə cavab verdi: "Əli Kərimli AXCP Ali Məclisinin sonuncu sessiyasında konkret, aydın bəyan etdi ki, o, seçkidə Milli Şuranın namizədi kimi iştirak edə bilər. Əgər Milli Şura onu vahid namizəd kimi görərsə, o, məsuliyyəti üzərinə götürməyə hazırdır. İndiki halda AXCP-nin mövqeyi dəyişməz olaraq qalır. AXCP hesab edir ki, ayrıca partiya namizədi olaraq seçkiyə qatılmaq, sadəcə olaraq, seçki tamaşasında iştirak etmək olacaq və ona görə AXCP seçkiyə bu cür qatılmaq niyyətində deyil. Çünki bu yol ölkədə dəyişikliklər etməyəcək, seçkinin nəticələrinə təsir göstərməyəcək. Belə olduğu halda seçkidə iştirakın mənası qalmır. Çünki söhbət seçkiyə gedib səs almaqdan getmir, söhbət saxtalaşdırmanın qarşısını alacaq böyük ictimai müqavimətin təşkil olunmasından, demokratik potensialın təşkilindən gedir. Bunu reallaşdırmağın ən uyğun modeli Milli Şuradır. Ona görə də Milli Şuranın namizədinin seçkidə iştirak etdiyi halda ictimai müqavimət təşkil edilə bilər".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49