İndoneziya Prezidenti Prabovo Subianto türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.

"Unikal" “Haber Global”a istinadən xəbər verir ki, Ərdoğan həmkarını hərbi hava limanında rəsmi mərasimlə qarşılayıb.

İndoneziya Prezidenti həmkarı ilə danışıqlardan əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edəcək, sonra Prezidentin iqamətgahında Ərdoğanın qonağı olacaq.

Ərdoğan tərəfindən İndoneziya Prezidenti üçün rəsmi mərasim keçiriləcək. İki ölkə arasında təkbətək, nümayəndə heyətləri arası görüşlərdə Türkiyə və İndoneziya arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Həmçinin qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq. Toplantıda eləcə də müdafiə sənayesi, təhsil, din və təhlükəsizlik sahələrində də bir sıra sazişlər imzalanacaq.

Daha sonra iki lider birgə mətbuat konfransı keçirəcək.

Qeyd olunur ki, İndoneziya Prezidenti aprelin 11-13-də keçiriləcək Antalya Diplomatiya Forumunda da iştirak edəcək.

Ərdoğanın İndoneziya Prezidentini hava limanında təntənəli qarşılaması diqqət çəkən hadisə olub. Uzun müddətdir, dövlət başçılarını hava limanında təntənəli qarovulla qarşılamayan Ərdoğan, 11-13 fevralda Asiya turnesi zamanında özünün İndoneziya Prezidenti tərəfindən hava limanında qarşılanmasına bu dəfə belə qarşılıq verib.