Aprelin 9-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Separadi və Tükəvilə kəndlərinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
İcra başçısı cənab Prezidentin göstəriş və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssas yanaşılması istiqamətində məmurların yerlərdə insanlarla üzbəüz dialoq qurmasının önəmindən danışıb. Onun sözlərinə görə, ölkə başçısının uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahı dayanır ki, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsi, əhəmiyyətli dərəcədə genişlənməsi və sosial təminat sisteminin dəfələrlə güclənməsi sözügedən məqsədə xidmət edir.
Taleh Qaraşov ötən görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib, heç bir müraciətin diqqətdən kənar qalmadığını vurğulayıb.
Separadi və Tükəvilə kəndlərinin sakinlərifikir və istəklərini sərbəst şəkildə ifadə ediblər, onları maraqlandıran və narahat edən məsələlər barədə icra başçısı ilə açıq, sərbəst və könüllü şəkildə dialoq qurublar. Yerli sakinlər ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.