Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin "Milli Dövlətçilik və Konstitusiya: Məktəblilərlə Strateji Dialoq" adlı layihəsi çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti dəfə aprelin 11-də rayonun Hövsan qəsəbəsi üzrə 76, 118, 172 və 270 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçirib.
"Unikal" xəbər verir ki, görüşdə RİHB-nin müavinləri, sözügedən məktəblərin direktorları, müəllim heyəti və 11-ci sinif şagirdləri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan görüşdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı videoçarx nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasından və bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. O, qeyd edib ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Adil Əliyev Ulu Öndər Heydər Əliyevin dahi siyasəti, müasir müstəqil Azərbaycan dövlətinin qurulması, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə, eləcə də onun müdrik və uzaqgörən siyasəti nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ilə bağlı ətraflı məlumat verib.
RİH başçısı bildirib ki, bu gün Azərbaycan öz xalqının humanizm ideyalarını, milli maraqlarını əsas tutaraq müstəqil şəkildə daxili və xarici siyasətini cəsarətlə həyata keçirir, suveren hüquqlarına uyğun olaraq bütün dünya ölkələri ilə münasibətlərini hüquqi müstəvidə quraraq qarşısına qoyduğu məqsədlərə doğru uğurla addımlayır, regionda lider dövlət kimi öz sözünü deyir.
Görüş zamanı Adil Əliyev gənclərin faydalı vətəndaş kimi yetişməsi üçün öz dəyərli tövsiyələrini verib və bildirib ki, hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Sonra isə RİH başçısı gənclərin müxtəlif məsələlərlə bağlı suallarını ətraflı cavablandırıb, eləcə də gənclərin hər birinə hədiyyələr təqdim olunub.