“Aprelin 9-da Bakıda, ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum, ilk növbədə, bütün Yaxın və Orta Şərq ölkələri üçün mühüm olan müzakirələrin aparıldığı önəmli tədbirdir”.

"Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, bu gün dünyada çoxqütblü beynəlxalq nizam yaranmaqdadır. “Bu proses hazırda qlobal miqyasda regional gərginliklərin artması ilə müşayiət olunur. Mövcud problemlərin həlli üçün isə regional aktorların proseslərə daha aktiv müdaxiləsi lazımdır. Çünki beynəlxalq təşkilatlar artıq adekvat təhlükəsizlik tədbirlərini həyata keçirə bilmirlər. Məhz buna görə də regional aktorların işə qarışması zərurəti yaranıb. Bu baxımdan Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın mövqeyi kifayət qədər önəmlidir. Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bu isə, cənab Prezident İlham Əliyevin Forumdakı çıxışında da qeyd etdiyi kimi, coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşdırmağa imkan yaradıb. Çox təəssüf doğuracaq haldır ki, bəzi Qərb dövlətləri gedən proseslərdə ölkəmizin rolunu kiçimsəməyə, Cənubi Qafqazda ayırıcı xətləri çəkməyə hələ də cəhd göstərirlər. Lakin bütün bu səylər aydındır ki, heç bir nəticə verə bilməz. Azərbaycan bilavasitə öz regionumuzda davamlı sülhə və inkişafa nail olmaq üçün çalışır. Bu baxımdan ölkəmizin Ermənistandan onların Konstitusiyası ilə bağlı gözləntiləri məlumdur. Ermənistanın özü də sabitlik və inkişafda maraqlıdırsa və bunu Azərbaycanın irəli sürdüyü haqlı tələbləri qəbul edərək sülh sazişini imzalamaqla nümayiş etdirərsə, onda Cənubi Qafqazın inteqrasiya edilmiş bölgəyə çevrilməsi üçün heç bir maneə qalmayacaq. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanın missiyası sadəcə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması ilə bitmir”.

Fikirlərini davam etdirən K.Qafarov ölkəmizin Yaxın Şərq bölgəsində sülhün əldə olunmasına mühüm töhfələr verə biləcəyini vurğulayıb: “Bu gün Ukrayna-Rusiya hərbi münaqişəsi ilə yanaşı, Yaxın və Orta Şərq regionunda da gərginliyin getdikcə artması qlobal miqyasda sülhü təhdid edən amillərdən biri kimi dünya ictimaiyyətini ciddi şəkildə narahat edir. O cümlədən, Türkiyə ilə İsrail arasında yaşanan gərginlik təbii ki, regionda sabitliyin əldə olunmasına xidmət edə bilməz. Bu baxımdan Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə sahib olan ölkə kimi və eyni zamanda da həm Türkiyə, həm də İsraillə möhkəm dostluq əlaqələri olan dövlət olaraq bu gərginliyin aradan qaldırılmasında önəmli rol oynaya bilər. II Qarabağ Müharibəsi dövründə Türkiyə və İsrail Azərbaycanın əsas müttəfiqləri kimi çıxış ediblər və ölkəmiz üçün strateji önəm daşıyırlar. Öz çıxışında bu məsələyə də toxunan cənab Prezident xatırlatdı ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında məhz Azərbaycan vasitəçilik edərək, bu iki ölkənin mövqeyinin bir-birinə yaxınlaşmasında fəal rol oynayıb. 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə rəsmi olaraq müttəfiq ölkələr oldular. İsrail ilə Azərbaycan arasında mövcud olan möhkəm qarşılıqlı dostluq münasibətləri müxtəlif çətin vəziyyətlərdə uzun illərdir ki, özünü büruzə verib. Təbii ki, Azərbaycan bu iki ölkə arasında yaşanan hər hansı anlaşılmazlıqdan narahat olur və Türkiyə-İsrail münasibətlərinin normallaşmasında rol oynamaqla bütün Yaxın Şərqdə sülhün və sabitliyin əldə olunmasına əvəzsiz töhfə verə bilər”.