“Bank Respublika” 2025-ci ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
"Unikal" "APA-Economics"ə istinadən xəbər verir ki, 2025-ci ilin I rübündə “Bank Respublika”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.1% artaraq 14 milyon 473 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə bank 13 milyon 512 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 21.5% artaraq 65 milyon 817 min manat, faiz xərcləri isə 27.2% artaraq 24 milyon 890 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9 milyon 488 min manata ( illik müqayisədə 10.5% çox), qeyri-faiz xərcləri isə 32 milyon 191 min manata ( illik müqayisədə 22.5% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 18.2 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 7.8% çoxdur.
Cari ilin aprel ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2.9% və ya 62.4 milyon manat artaraq 2 milyard 238.9 milyon manata yüksəlib. Cari ilin ilk 3 ayında “Bank Respublika”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1.9% və ya 28 milyon manat artaraq 1 milyard 499.8 milyon manata bərabər olub.
Bu dövrdə “Bank Respublika”nın cəmi öhdəlikləri 2 milyard 38.5 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 3.1% və ya 60.5 milyon manat çoxdur.
Müştərilər üç ay ərzində “Bank Respublika”dan 135 milyon manatdan çox depoziti geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3.1% və ya 19.9 milyon manat azalaraq 616.4 milyon manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 16.3% və ya 115.9 milyon manat azalaraq 595 milyon 893 min manata enib. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk üç ayında 10.1% və ya 135.8 milyon manat manat azalaraq 1 milyard 212.2 milyon manata enib.
Hesabat dövründə bankın, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri ilin əvvəli ilə müqayisədə 33.8% və ya 180.5 milyon manat artaraq 715 milyon manata yüksəlib.
2024-cü il aprel ayının 1-nə “Bank Respublika”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1% və ya 1.9 milyon manat artaraq 200 milyon 508 min manat təşkil edib.