Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov pakistanlı jurnalist, geosiyasi analitik Malik Ayub Sumbal ilə görüşüb.
"Unikal" xəbər verir ki, qonağı səmimi salamlayan komitə sədri jurnalistin beynəlxalq ictimaiyyətin doğru məlumatlandırılması, Azərbaycanla bağlı dezinformasiyaların qarşısının alınması istiqamətdəki peşəkar fəaliyyətini yüksək qiymətləndirib. Torpaqlarımızın müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad edildiyini xatırladan sədr xarici qonaqların, xüsusən müsəlman ölkələrinin vətəndaşlarının dini və mədəniyyət abidələrinə qarşı erməni vandalizminin nəticələri ilə tanış olmasını Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm addım kimi qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Malik Ayub Sumbal öz növbəsində Qarabağa səfərindən danışıb, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılmasının sevindirici hal olduğunu söyləyib. Görüş zamanı jurnalist gələcəkdə də xarici mediada Azərbaycanın haqq səsinin daha geniş şəkildə işıqlandırılması, ölkəmiz haqqında obyektiv məlumatların yayılması və Ermənistanın təxribatlarının ifşa olunması istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Malik Ayub Sumbal “Tovuzdan Qarabağa” adlı kitabın müəllifidir. Kitabda Azərbaycanın son 30 illik tarixiindən söz açılıb, Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət təhlil edilib. Nəşr 44 günlük Vətən müharibəsindən sonra bu mövzuda yazılan ilk kitablardandır.