Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə idman yarışlarına start verilib.

"Unikal" xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində “dama” və “şahmat” idman növü üzrə yarış baş tutub.

Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər - Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu İsrayıl İsgəndərov, Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti bu sahənin inkişafının təməlini təşkil edir və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının idmana göstərdiyi diqqət və qayğıdan bəhs olunaraq qeyd olunub ki, uğurlu idman siyasəti ölkədə sağlam cəmiyyətin formalaşmasına xidmət edir, idmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər. İdmançılarımızın qazandığı uğurlar gənclərə örnək olur və onları daha da ruhlandırır.

Yarışın sonunda qalib komandanların üzvləri müvafiq olaraq diplom və medallarla mükafatlandırılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.