Ukaynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal"ın Report-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Konstantin Kuçerin vəkili Elşad Əliyev məhkəməyə vəsatət təqdim edib.

O, vəsatətində müvəkkili barədə İspaniyanın ekstradisiya müraciəti ilə bağlı hazırda aparılan cinayət işi üzrə icraatın dayandılmasını xahiş edib.

"Müvəkkilim deyir ki, burada yüngülləşdirici hallarla cəza təyin olunsa da, onu İspaniyaya göndərəcəklər. Ona görə də, xahiş edir ki, bəri başdan cinayət işi üzrə icraat dayandırılsın və onun ekstradisiyası ilə bağlı İspaniyanın vəsatətinə baxılsın".

Məhkəmə cinayət işi üzrə icraatın dayandırılması ilə bağlı vəsatəti təmin etməyib.

Daha sonra proses sənədlərin tədqiqi mərhələsi ilə davam etdirilib.

Həmçinin Oleq Krapivinin vəkili də məhkəməyə onun ev dustaqlığına buraxılması üçün vəsatət təqdim edib. O, vəsatətini əsaslandırarkən bildirib ki, müvəkkilinin səhhətində ciddi problemlər var:

"Müvvəkkilim səhhəti ilə bağlı mütəmadi müalicə alırdı. Onun həbs şəraitində müalicə alması mümkün deyil. Ona görə də, xahiş edirəm ki, Oleq Krapivin ev dustaqlığına buraxılsın".

Konstantin Kuçerin vəkili isə Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin məhkəməyə məcburi gətirilməsi üçün vəsatət verib.

Məhkəmə Oleq Krapivinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib. Həmçinin Füzuli Musayevin də məhkəməyə məcburi gətirilməsi ilə bağlı vəsatət təmin olunmayıb . Lakin hakim Elnur Nuriyev bildirilib ki, onun növbəti prosesdə iştirakı təmin ediləcək

Məhkəmənin növbəti iclası mayın 2-ə təyin olunub.

Qeyd edək ki, cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistan, Qazaxıstan və digər ölkələrdə sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə etməkdə təqsirləndirilib.

İttihamda qeyd olunub ki, zərərçəkənlər Konstantin Kuçerlə görüşmək üçün Bakıya gəliblər. Daha sonra Oleq Krapivinlə birgə onun Bakıda yerləşən ofisinə gediblər. Bu zaman onlar arasında mübahisə yaranıb.

Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.