"Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
"Çünki, əlbəttə, biz turizm sektorumuzu inkişaf etdirmək istəyirik. Bizim coğrafi üstünlüklərimiz var - Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar və hətta yarımsəhra ərazimiz var. Ona görə də hər kəs zövq almaq üçün bir məkan tapa bilər. Bundan əlavə, çox yaxşı mətbəximiz, qonaqpərvər insanlarımız var. Sadəcə olaraq bizim özümüzü təqdim etməyə, ölkənin təqdimatını etməyə və sözsüz ki, dost ölkələrlə viza rejimini aradan qaldırmağa ehtiyacımız var. Bu gün həqiqətən də tarixi gündür və Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir, çünki onlar sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər", - dövlət başçısı vurğulayıb.