Pakistan İslam Respublikasının NED Mühəndislik və Texnologiya Universitetinin rəhbər heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. 

"Unikal" xəbər verir ki, qonaqlarla görüşdə rektor Yaqub Piriyev əsasən mühəndislik ixtisasları üzrə kadrlar hazırlayan BMU-nun maddi-texniki bazası, o cümlədən tədqiqat potensialını diqqətə çatdırıb. Azərbaycan ilə Pakistanın dostluq, qardaşlıq münasibətləri, eləcə də müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıqlarını vurğulayan rektor iki ölkənin ali məktəbləri arasında əlaqələrin daha da genişləndirilməsi üçün mövcud imkanlara toxunub. BMU-da 31 nəfər Pakistan vətəndaşının təhsil aldığını bildirən Yaqub Piriyev, eyni zamanda universitetin beynəlxalq əlaqələri, xüsusən Pakistan universitetləri ilə həyata keçirilən əməkdaşlıq, gerçəkləşdirilən qarşılıqlı səfərlər, təcrübə mübadiləsi və s. məsələlərdən geniş bəhs edib.

Sonra NED Mühəndislik və Texnologiya Universitetinin prorektoru Prof. Dr. Muhammad Tufail təmsil etdiyi universitet haqqında məlumat verib. Bildirib ki, bir əsrdən artıq yaşı olan universitet mühəndisliklə yanaşı, tətbiqi sahələr, ümumilikdə 100-dən artıq ixtisas üzrə kadr hazırlığını həyata keçirir. Universitetdə 37 bakalavr və magistratura proqramlarının icra olunduğunu, 30 laboratoriyanın fəaliyyət göstərdiyini söyləyən rektor tədqiqat sahəsində qazanılan bir sıra nailiyyətləri önə çəkib. Habelə Avropa ali məktəbləri ilə əlaqələr qurmuş qocaman təhsil ocağının BMU ilə də əməkdaşlığa maraqlı olduğunu deyib, o cümlədən konkret sahələr üzrə birgə tədqiqatlar aparmaq təklifini irəli sürüb. 

Universitetin Kompüter və informasiya sistemləri mühəndisliyi kafedrasının müdiri, Böyük Məlumatlar və Bulud Hesablama üzrə Milli  Mərkəzin direktoru, Prof. Dr. Məhəmməd Əli İsmayıl da çıxışında ali təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsini bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyətli adlandırıb.   

İki universitet arasında əməkdaşlığın mümkün istiqamətlərinə dair səmərəli müzakirələrlə davam edən görüşün sonunda qonaqlar BMU-nun laboratoriyaları ilə tanış olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi