"Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm bir addım oldu. Bakıda keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər bir daha göstərir ki, dövlətlərarası münasibətlər tarixi-mədəni köklərə, qarşılıqlı etimada əsaslanır və müsbət gələcək vəd edir".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.
Parlamentari bildirib ki, Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq və qardaşlıq şəraitində birgə yaşayıb:
"İran Prezidentinin bu səfəri ölkələr arasında siyasi-iqtisadi və mədəni sahələrdə yeni əməkdaşlıq perspektivləri yaradaraq müsbət irəliləyişlərə yol açır, həmçinin regional sabitlik və rifahın təmin olunmasında əhəmiyyətli rol oynayır.İki dövlət beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO və Qoşulmama Hərəkatı çərçivəsində koordinasiyalı fəaliyyət göstərir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və perspektivli əməkdaşlıq platforması kimi dəyərləndirilən “3+3” formatı regional məsələlərin müzakirəsi və həllində əhəmiyyətlidir. Bu formatda fəaliyyət regionda təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsində və sabitliyin təmin olunmasında rol oynaya bilər.
İki ölkə arasında enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlıq regional səviyyədə iqtisadi təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasında strateji əhəmiyyətə malikdir. Ölkələrarası sərhəd təhlükəsizliyinin təmin olunması və bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələsi də mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Azərbaycan ilə İran arasında imzalanmış sənədlər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük töhfə verəcək.
Azərbaycan ilə İran arasında formalaşmış tərəfdaşlıq modeli regional sabitlik və davamlı inkişaf üçün güclü və çoxşaxəli əsaslar yaradır. Bu əməkdaşlıq qarşılıqlı dəstək, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, həmçinin mehriban qonşuluq və bərabərhüquqlu münasibətlər prinsipləri üzərində qurulub. İkitərəfli əlaqələr yeni geosiyasi və iqtisadi çağırışlar fonunda dövlətlərin ortaq iradəsini və strateji baxışını, habelə regional sabitliyə verdiyi əhəmiyyəti aydın şəkildə nümayiş etdirir. Xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə dərinləşən əməkdaşlıq bu münasibətlərin bütövlükdə regionun gələcəyi üçün müsbət və konstruktiv nəticələr doğuracağına əminlik yaradır. Gələcəkdə bu modelin daha da təkmilləşdirilməsi və institusional mexanizmlərlə möhkəmləndirilməsi regional inteqrasiyanın inkişafına mühüm töhfə verəcək".