"Expressbank" əməkdaşları üçün “Sağlamlıq ayı” çərçivəsində yekun tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilib.
"Unikal" xəbər verir ki, Bank AQTA-nın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə həyata keçirdiyi "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihəyə qoşulub.
Belə ki, tədbir zamanı AQTİ-nin şöbə müdiri Rəşad Mehdizadə AQTA-nın həyata keçirdiyi maarifləndirici layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, AQTA sağlam qidalanmanın əhəmiyyətini daha geniş kütləyə çatdırmaq və əhalini bu sahədə maarifləndirmək məqsədilə belə bir təşəbbüsə başlayıb.
Həmçinin AQTİ-nin eksperti, həkim-dietoloq Tutu Zeynalova "Expressbank" əməkdaşlarına sağlam qidalanma vərdişləri və bu vərdişlərin həyat keyfiyyətini artırması mövzusunda ətraflı məlumat verib. Bank əməkdaşlarının gündəlik qidalanma vərdişləri ilə bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, "Expressbank"da 7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə, aprel ayı “Sağlamlıq ayı” olaraq qeyd olunub. “Sağlam komanda” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində daxili kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə ay ərzində müxtəlif mövzularda ardıcıl sağlamlıq əhəmiyyətli tədbirlər həyata keçirilib. Bankın bu təşəbbüsləri reallaşdırmaqda əsas məqsədi əməkdaşlarının fiziki və psixoloji rifahına dəstək olmaq, onların sağlam həyat tərzi vərdişlərinə töhfə verməkdir.