İqtisadçı Eldəniz Əmirov minimum saatlıq əməkhaqqının tətbiqi məsələsinə dair sualları cavablandırıb.

"Unikal"ın məlumatına görə, o bildirib ki, bu, maaş artımı deyil:

"Bunu kim belə təqdim edirsə, doğru etmir. Yox, əgər kimsə də maaşınız azalacaq deyirsə, o da doğru demir.

Minimum əməkhaqqı 350-dən 400 manata qalxıb və mövzu bir müddətlik bağlanıb. Amma indi sadəcə "aylıq yox, saatlıq da hesablayaq" söhbəti gedir.

Bəs onda bu saatlıq sistem niyə ortaya çıxıb? Cavab yenə sadədir:

Çünki iqtisadiyyat dəyişir. Artıq adamlar təkcə səhər saat 9-dan 6-a qədər işləyən "ştatlı" işçi deyil. Kimisi “freelance” işləyir, kimisi mövsümi. Kimisi evdən çalışır, kimisi həftədə 2-3 gün. Aylıq maaş sistemi isə bu reallığı ədalətli tənzimləmək gücündə deyil. Başqa sözlə, bu dəyişiklik əmək bazarının yeni reallıqlarına uyğunlaşdırılmış hüquqi çərçivə yaratmaq üçündür. Əgər əvvəllər maaş yalnız aylıq sistemlə hesablanırdısa, indi həm aylıq, həm də saatlıq yanaşma paralel şəkildə tətbiq olunacaq.

Əslində, bununla dünyada olmayan nəsə kəşf edilmir, Dünyada yalnız saatlıq əməkhaqqı tətbiq olunan ölkələr də var, bunu qarışıq tətbiq edənlər də. Hətta bəzi ölkələrdə həftəlik minimum əməkhaqqı sistemi də var. Böyük ehtimal ki, Azərbaycan sahədən və xarakterindən asılı olaraq bəzi istiqamətlərdə saatlıq, bəzi istiqamətlərdə isə aylıq olmaqla qarışıq model olacaq.

Odur ki, bu yeni sistem əsasən qısamüddətli əmək müqaviləsi ilə çalışanlara, həftəlik iş vaxtı normasının yarısından az işləyənlərə, mövsümi işlərdə olanlara, qeyri-daimi əmək fəaliyyətləri ilə məşğul olan şəxslərə və s. şamil ediləcək.

Bəs effekt? Effekt həmişə müsbət olacaqmı? Əlbəttə xeyr!

Bu proses doğru icra edilməzsə, müsbət tərəflərilə yanaşı, mənfi tərəfləri də ola bilər.

Bunun ilk öncə müsbət tərəfi işçinin nə qədər işlədiyinə uyğun ədalətli əməkhaqqı sistemi formalaşdırılması olacaq. Mövsümi və hissə-müddətli işlərdə əmək müqavilələrinin rəsmiləşməsi asanlaşacaq. İşəgötürənlər üçün elastik işçi idarəetmə imkanı yaranacaq. Tam doğru tətbiq edilərsə, qeyri-formal məşğulluğu azalda və əmək münasibətlərində şəffaflıq və vergi daxilolmalarında artım yarada bilər.

Mənfi tərəflərinə gəldikdə isə, mikro və kiçik sahibkarlar üçün əlavə uçot və hesabat yükü yaradacaq. Sistemə nəzarət mexanizmi zəif olarsa, o zaman bəzi işəgötürənlər istismara yol aça bilər. Bəzi hallarda işçilərə “aylıq yox, çağıranda gəl, saatına verərik” deyərək qeyri-sabit iş şəraiti təklif oluna bilər", - deyə E.Əmirov qeyd edib.