Hacıbala Abutalıbovun yeni fəndi
14:16 23-08-2013
CƏMİYYƏT
Hacıbala Abutalıbovun yeni fəndi
Bakı merinin son xəbərdarlığının ilginc pərdəarxası
Dünən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəhərin mərkəzində yerləşən müəssisə və təşkilatlara xəbərdarlıq edib. Xəbərdarlıq yetərincə ilgincdir. Buna bir qədər sonra aydınlıq gətirəcəyik. Amma gəlin əvvəlcə xəbərdarlıq mətninin özü ilə tanış olaq.
Hacıbala Abutalıbovun "Bakı şəhərində yeraltı və yerüstü avtomobil dayanacaqları haqqında" sərəncamına müvafiq olaraq Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin aradan qaldırılması məqsədilə paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına məktub ünvanlanıb. Məktubda deyilir ki, Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin və qanunsuz parklama, durma və dayanmanın aradan qaldırılması məqsədilə paytaxtın Neftçilər, G.Səfərəliyeva, Ü.Hacıbəyov (Hökümət evinin ətrafı), İstiqlaliyyət, (Gənclər meydanı, Qoşa Qala Qapısı), Əziz Əliyev, Azərbaycan, Ə.Cavad, Bül-bül, R.Behbudov, Azadlıq, 28 may, Xəqani, Xəqani adına bağın ətrafı (keçmiş "9 Yanvar" bağı), Nizami, Füzuli dairəsi, Ş.Qurbanov, Nizami metrostansiyasının qarşısındakı C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsi Ə. Hüseynzadə küçəsinə qədər olan hissə, Ş.Bədəlbəyli, S.Vurğun, Füzuli, M.A.Əliyev və şəhərin digər mərkəzi hissələrini əhatə edən küçə və prospektlərində, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin parklanması, durması və dayanması qəti qadağan edilib.
Məktubda daha sonra qeyd olunub ki, paytaxtın mərkəzi küçələrində yerləşən və istifadələrində avtomobil olan bütün idarə və müəssisələrdən, yerli və xarici nümayəndəliklərdən, beynəlxalq təşkilatlardan, həmçinin qeyd olunan qurumlarda çalışan və istifadələrində avtomobil olan əməkdaşlarından xahiş olunur ki, avtomobillərin parklanması, durması və dayanması qaydalarına riayət etsinlər: "Rəhbərlik etdiyiniz qurumlarda çalışan avtomobil sahiblərindən qeyd olunan problemin aradan qaldırılması məqsədilə xidməti və fərdi avtomobillərin Heydər Əliyev adına Saray ilə Füzuli meydanı arasında yeni istifadəyə verilmiş müasir tipli yeraltı avtomobil dayanacağında və ya digər yeraltı avtomobil dayanacaqlarında parklanmasını tövsiyə etməyiniz xahiş olunur".
Bakı Şəhər İcra Hakimiyyəti başçısı xəbərdar edib ki, əks təqdirdə nəqliyyatın sıxlığının və tıxacların qarşısının alınması məqsədilə adları qeyd olunan küçə və prospektlərdə, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin qanunsuz parklanması hallarının qarşısı sərt inzibati üsullarla alınacaq.
Bəs bu xəbərdarlıqda ilginc olan nədir? Əvvəla, meriyanın müəssisə və təşkilatlara ünvanlanan məktubundan belə təəssürat yaranır ki, sanki Bakıda avtomobillərin park edilməsi üçün çox geniş imkanlar var, camaat kefindən yol kənarlarını, səkiləri seçmək məcburiyyətində qalır. Əlbəttə, belə deyil. Şəhərdə çox az parkinqlər var. Bu da sürücüləri çətin vəziyyətdə qoyur. Yəni əsl günahı şəhər rəhbərliyi əvvəlcə özündə axtarmalıdır.
İkincisi, mərkəzdəki parkinqlərdə avtomobil saxlamağın qiyməti bir saat üçün 0,5-1 manat üçün arasında dəyişir. Bu isə orta statistik azərbaycanlının cibinə uyğun deyil, - əlbəttə, məmurlardan fərqli olaraq!
Nəhayət üçüncüsü, bəzi ehtimallara görə, Hacıbala Abutalıbovun belə xəbərdarlığına səbəb onun "Qış bulvarı" layihəsinə daxil olan avtodayanacağına müştəri toplamaq üçündür. Həmin parkinqə avtomobil sahibləri bir o qədər maraq göstərmirlər. Səbəb kimi də yenə orada qiymətlərin həddən yüksək olmasıdır. Əgər bu iddia doğrudursa, indi belə başa düşmək olar ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəziyyətdən çıxmağın inzibati yolunu seçməyə üstünlük verəcək.
Yəni Abutalıbovun qərarı və xəbərdarlığı istənilən halda "Qış bulvarı"ndakı iki mərtəbəli avtomobil dayanacağına sürücü cəlb etməyə hesablanıb. Bu məsələni paytaxt merinin inzibati yolla həll edə biləcəyi isə şübhə doğurur. Əksinə bu cür addım avtomobil sahibləri arasında əlavə narazılıqlar yaradacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49