Mahaçqalada atışma zamanı 7 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Yaralananlar arasında 17 yaşlı qız da daxil olmaqla iki mülki şəxs də var. Xəsarət alanlardan biri xəstəxanada ölüb.
Bundan əvvəl respublikanın Daxili İşlər Nazirliyi 3 polis əməkdaşının öldürüldüyü barədə məlumat vermişdi. Hücum edənlərdən ikisi təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib, daha ikisi isə oğurlanmış yol polisi maşını ilə qaça bilib. Avtomobil atılmış vəziyyətdə tapılıb. O, şəhərin küçələrindən birində fərdi yaşayış evinin divarına çırpılıb.
Rusiya İstintaq Komitəsindən bildirilib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd faktı ilə bağlı cinayət işi açılıb.
*** 16:21
Mahaçqalada atışmada 3 yol polisi əməkdaşı həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, naməlum şəxslər yol polisinin patruluna hücum edib. Hücum zamanı 3 polis əməkdaşı həlak olub. Daha sonra onlar xidməti maşınla ərazini tərk ediblər.
***16:01
Mahaçqalada polis əməkdaşlarına atəş açanlar yol-patrul xidmətinin avtomobilini qaçırıblar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
****
Mahaçqalada naməlum şəxslər polis ekipajına hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, iki silahlı naməlum şəxs yol polisinin əməkdaşlarına hücum edib. Hadisə zamanı ölənlər və yaralananlar var.
Gülayə Mecid