"Kazinolarla bağlı sualların ardı-arası kəsilmir. Görünür, ictimai rəy öyrənilir. Qonşu ölkələrin təcrübəsi göstərir ki, bu sahə düzgün idarə olunanda həm turizmə, həm xidmət sektoruna, həm də məşğulluğa müsbət təsir edə bilər. Məsələn, Gürcüstan turizm cəlbediciliyini artırdı. Qazaxıstanda zonalaşdırma tətbiq olundu. Türkiyə isə qadağa yolu seçdi, nəticədə qeyri-leqal fəaliyyət yarandı, həmçinin qumar pulları xaricə axdı".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, Azərbaycana gələn turistlərin 80%-i Bakıdan o tərəfə çıxmır:

"Ona görə kazinolar Bakıda şəhər turizmini və əyləncə sektorunu gücləndirə, otel və restoran biznesini canlandıra bilər. Yeni iş yerləri yarada bilər. Xarici valyuta və turist axınını artırar. Dövlət büdcəsinə sabit gəlir gətirə bilər. Kölgə iqtisadiyyatında olan qumar pullarını leqallaşdıra bilər. Amma kazino açılacaqsa, bu, bir-iki şəxsin nəzarətində, inhisar formasında yox, rəqabətli və şəffaf şəkildə olmalıdır. Vergi yükü məntiqi səviyyədə saxlanmalı, amma dövlətə sabit gəlir təmin edilməlidir. Eyni zamanda risklər də nəzərə alınmalıdır. Qumar asılılığı, ailə büdcələrinin dağıntısı, sosial fəsadlar, çirkli pulların yuyulması və digər risklər daim mövcuddur".

İqtisadçı qeyd edib ki, bu sahə yalnız ciddi şərtlərlə açılmalıdır: "Oynayan şəxslərə məhdudiyyətlərin qoyulması məqsədilə (yaş və s) şəxsiyyəti identifikasiya edilməli, “money laundering”ə qarşı xüsusi nəzarət mexanizmi qurulmalı, bütün ödənişlər nağdsız və izlənilə bilən sistemlə aparılmalıdır. Kazinolar coğrafi olaraq məhdudlaşdırılmalı, eyni zamanda onların reklamına ciddi nəzarət olunmalıdır. Əgər bu şərtlər təmin olunmayacaqsa, kazinoların açılması nə iqtisadi rifaha, nə turizmə, nə də xidmət sektoruna real fayda verəcək. Əksinə, bu addım cəmiyyətdə sosial pozuntuları artıran, hüquqi nəzarəti zəiflədən və mənəvi dəyərləri aşındıran bir prosesə çevrilcək. Nəticədə də dövlətin qazanacağından çox, cəmiyyətin itirəcəyi olacaq".