Azərbaycanda 2025-cü il barama istehsalı mövsümünə start verilib. Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yerləşən rayonlardan olan kümçülərə tut ipəkqurdu toxumunun paylanlması həyata keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) direktorları, müxtəlif rayonlardan gəlmiş kümçülər, media təmsilçiləri iştirak ediblər.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, baramaçılıq kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli istehsal sahələrindən biri sayılır. Bu səbəbdən baramaçılığın ölkəmizdə inkişaf etdirilməsi Kənd Təsərrüfatı Nazirliyi qarşısında prioritet vəzifələrdən biri kimi müəyyən edilib: “Ölkəmizdə ipəkçiliyin inkişafı üçün böyük potensial mövcuddur. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.
Tədbirdə qeyd olunub ki, Nazirlik tərəfindən rayonlarda fəaliyyət göstərən DAİM-lərin məlumatları əsasında qabaqcıl barama istehsalçılarının siyahısı, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatlar toplanılaraq təhlil edilib və müvafiq tədbirlər planı hazırlanıb.
Tədbirlər planına uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurdunun düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb. Nazirliyin mütəxəssisləri tərəfindən bütün baramaçılıq rayonlarının məhsul istehsalçıları üçün maarifləndirici təlimlər təşkil edilib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb və kümçülərə yerində məsləhətlər verilib.
Qeyd edək ki, 2025-ci ildə ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada cari ildə istehsalı planlaşdırılan yaş barama məhsulunun həcmi nəzərə alınmaqla Çin Xalq Respublikasından 5000 qutu ipəkqurdu sənaye toxumları tədarük edilib.
Eyni zamanda, ölkəmizdə ipəkçiliyin gələcək inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması və kümçülərin barama toxumları ilə təmin edilməsi funksiyalarını həyata keçirən, müasir standartlara uyğun şəkildə yenidən qurulmuş Qax Damazlıq İpəkçilik Stansiyasında 1000 qutu hibrid ipəkqurdu toxumu istehsal olunub.
Tut ipəkqurdu toxumları inkubasiya üçün Qax Damazlıq İpəkçilik Stansiyası, Zərdab Baramaqurutma Məntəqəsi, Zaqatala Baramaqurutma Məntəqəsi və Naxçıvan Muxtar Respublikasında inkubasiya kameralarına qoyulub.
Tədbirdə inkubasiya olunmuş tut ipəkqurdu toxumları 40 bölgədən olan kümçülərə paylanıb. Ümumilikdə mayın 5-dək kümçülərə inkubasiyadan sonra 5500 qutu verilib. İpəkqurdu toxumlarının kümçülərə paylanması prosesi davam edir.