Gec olsa, seçki əldən getdi...
13:01 24-08-2013
CƏMİYYƏT
Gec olsa, seçki əldən getdi...
Milli Şuranın gərgin sessiyasında qəbul edilən qərar hər kəsə bəllidir. Vahid ehtiyat namizəd seçilsin və İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı halda qurum bu namizəd ilə seçkiyə qatılsın. Rüstəm İbrahimbəyov da bildirib ki, həmin şəxsin seçki kampaniyasına yardım edəcək.
Sessiyada vahid ehtiyat namizəd üçün iki nəfərin adı hallanırdı: Ziyalılar forumunun üzvü Cəmil Həsənli və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev.
Sessiya zamanı və ondan əvvəl də Cəmil Həsənli israrla namizəd olmaq istəmədiyini bəyan edib. Cəmil Həsənlinin buna "yox" deməsinin bir səbəbi var idi. Milli Şura sədri Rüstəm İbrahimbəyovla məsələnin razılaşdırılmaması. Amma ötən gün İbrahimbəyov "Mediaforum" saytına müsahibə verib. Milli Şura sədri qeyd edib ki, "ehtiyat namizəd Cəmil Həsənli namizəd olsa, çox sevinərəm". Düşünürük ki, məhz bu ifadədən sonra Cəmil Həsənli vahid ehtiyat namizəd təklifini rədd etməyəcək.
Qeyd edək ki, Milli Şura sədri ötən dəfəki sessiyaya telefon vasitəsilə qoşulmuşdu. İbrahimbəyov deyib ki, Milli Şura nə qərar versə, ona hörmətlə yanaşacaq. Milli Şura sədri də seçkiyə az vaxt qaldığını bilir. Əgər həmin sessiyada konkret olaraq ad çəksəydi, həmin şəxs 19 avqustda Milli Şuranın vahid ehtiyat namizədi olacaqdı.
Mehman Əliyev isə sessiyadan əvvəl mətbuata açıqlamasında bildirib ki, vahid namizəd olmaq istəmir. Onun sözlərinə görə, vahid namizəd üstündə həmişə qırğın olub. Sonuncu sessiya zamanı üzvlər onun namizədliyi üzərində təkid ediblər. Milli Şura üzvlərindən birinin verdiyi məlumata görə, vahid namizəd məhz Mehman Əliyev olacaq.
Sessiyadan sonra isə Mehman Əliyevin Milli Şurada baş verən proseslərdən narazı qaldığı açıq- aydın göründü. Onun dünən Azadlıq radiosunun canlı yayımında danışdıqları bunu deməyə əsas verir. Özü konkret şəkildə ifadə etməsə də, Mehman Əliyev bildirir ki, onun namizədliyi üstündə vahid formalaşmış mövqe olmayıb: "Mənim vahid namizədlik iddiam yoxdur. Ancaq ictimai maraq varsa, buna getmək olar. Milli Şura qərar verməlidir, kiminlə gedir? Konkret 2 nəfər mənim adımı çəkdi... Birbaşa məsələ qoyulaydı ki, filankəs olsun. Buna da hazır deyillər. MŞ-nin özündə də formalaşmış vahid mövqe yoxdur. Mən deyim ki, gəlin dalımca və sairə, düzgün olmazdı".
Eyni proqrama Cəmil Həsənlinin də dəvət olunduğunu nəzərə alsaq, o verilişdə iştirak etməkdən imtina edib. Bu isə göstərir ki, Cəmil Həsənlinin bu məsələdə mediaya açıq olmaması məhz onun Milli Şuranın vahid ehtiyat namizədi olduğunu deməyə əsas verir.
İndi Cəmil Həsənlinin, ya da Mehman Əliyevin vahid ehtiyat namizəd olub olmayacağına isə Milli Şura vaxt itirmədən qərar verməlidir.
Əgər bu həftə ərzində prosesi yekunlaşdıra bilməsələr, demək olar ki Milli Şura seçkidən kənar qalacaq.
Hüquqşünas Elman Fəttah da öz "Facebook" hesabında yazır ki, namizədliyin qeydə alına bilməsi üçün ən azı 16 gün lazımdır: "Deməli, bu günü avqustun 20-dən hesablasan, Milli Şuranın ən çoxu 19 günü qalıb. Axı sentyabrın 9-da imza vərəqələrinin qəbulu başa çatır. Milli Şura namizədin sənədlərini ən geci avqustun 23-də MSK-ya təqdim etməlidir. O tarixdən gec olsa, seçkilər əldən getdi".
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49