"Yeni Dehli İslamabadla münaqişəni genişləndirmək niyyətində deyil". 

"Unikal" xəbər verir ki,  bunu  Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar deyib. 

"Bizim niyyətimiz vəziyyəti gərginləşdirmək deyil", - nazir vurğulayıb.

O qeyd edib ki, Hindistana hərbi hücum edilərsə, “çox, çox sərt cavab veriləcəyinə heç bir şübhə olmamalıdır”.

 Xatırladaq ki, mayın 7-nə keçən gecə Hindistan ordusu Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçuların yerləşdiyi 9 hədəfi vuraraq "Sindoor" əməliyyatına başlayıb. 70-ə yaxın terrorçu məhv edilib.  Bunun fonunda  Hindistanın Pakistan ərazisinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə, yaralıların sayı isə 57-yə çatıb. Hindistan tərəfi isə itkilərini açıqlamayıb. 

Ölkələr arasında münasibətlər aprelin 22-də bir qrup şəxsin mübahisəli Cammu və Kəşmir əyalətində turistləri güllələyən terror aktından sonra pisləşib. Hindistan hücumda Pakistanı günahlandırıb, İslamabad isə Yeni Dehlinin reaksiyasını ədalətsiz və siyasi motivli adlandırıb.

Gülayə Mecid