"Bu qərar verildikdən sonra atılacaq əməli addımlar var. Onları yaxından izləyəcəyik".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan PKK terror təşkilatının ləğvi və tərksilah edilməsi qərarı ilə bağlı açıqlaması zamanı deyib.
Nazir PKK-nın fəaliyyətini dayandırmaq və tərksilah etmək qərarının tarixi və əhəmiyyətli bir qərar olduğunu bildirib: "Bu qərarı xüsusilə bölgəmizdə hökm sürən daimi sülh və sabitlik baxımından çox əhəmiyyətli görürəm. Bu qərarın qəbulundan sonra atılacaq əməli addımlar var. Onları yaxından izləyəcəyik.
Ən böyük arzumuz Türkiyədə son 20 ildə inkişaf etdirdiyimiz demokratiya, azadlıq, rifah və təhlükəsizlik sahələrinin daha da genişlənməsi və Türkiyədən sıçrayaraq bölgəmizdəki digər dövlətlərə və xalqlara müsbət təsir göstərməsidir. İnanıram ki, bu qərar səmimi və digər narahatlıqları aradan qaldıracaq şəkildə həyata keçirilərsə, gələcəyimiz üçün, vətəndaşlarımız üçün, hər kəs üçün çox faydalı bir qərar olar".
Fidan bu barədə MHP sədri Dövlət Baxçalının çıxışını da xatırladıb: "Hörmətli Baxçalı bu mövzuda tarixi bir çağırış etdi. Prezidentimizin çox güclü iradəsi var. Hazırda qurumun bu məsələyə də müsbət reaksiyası var. Təbii ki, bu tarixi məsuliyyətdə biz bu ölkənin övladları olaraq öz müdrikliyimizlə, öz sağlam düşüncəmizlə, öz ağlımızla, öz iradəmizlə öz problemlərimizi həll edə biləcəyimizi göstəririk.
Düşünürəm ki, bu, millət, bölgəmiz və mənsub olduğumuz sivilizasiya üçün son dərəcə vacib bir addımdır. Praktikada görüləsi işlər çoxdur, təfərrüatlı məsələlər çoxdur. Amma bu gün bu ümumi müsbət atmosferdən başqa heç nə demək istəmirəm. Bu gün Nazirlər Kabinetinin iclası var. Biz orada prezidentimizin sədrliyi ilə toplanacağıq. Əminəm ki, bu məsələ gündəmə gətiriləcək və möhtərəm Prezidentimiz bu məsələ ilə bağlı yekun qiymətləndirmələrini millətimizlə bölüşəcək".
Ağarza Elçinoğlu