Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası 2014-cü ilin iyulunda Donbas səmasında Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyət daşıdığını açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

ICAO-nun məlumatına görə, Rusiya Mülki Aviasiya haqqında Beynəlxalq Konvensiyanı pozub. Təzminat məsələsi növbəti mərhələdə təşkilatın idarə heyətində müzakirə olunacaq.

"Biz Rusiyanı nəhayət bu dəhşətli zorakılığa görə məsuliyyəti öz üzərinə götürməyə və onun açıq-aydın qanunsuz davranışı nəticəsində dəyən ziyanı kompensasiya etməyə çağırırıq", - Avstraliyanın xarici işlər naziri Penni Vonq deyib.

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp qeyd edib ki, ICAO-nun bu qərarı beynəlxalq ictimaiyyətə açıq siqnaldır ki, dövlətlər beynəlxalq hüququ cəzasızlıqla poza bilməzlər.

Xatırladaq ki, Amsterdamdan Kuala-Lumpura uçan MH17 reysinin qəzaya uğraması nəticəsində 298 nəfər həlak olub.

Təyyarədə olan sərnişinlərin əksəriyyəti Niderland vətəndaşları olub. Sərnişinlər arasında həmçinin 38 avstraliyalı, 10 britaniyalı, həmçinin Malayziya və Belçika vətəndaşları olub.

Ağarza Elçinoğlu